“İnam yoxdursa, heç getməyə dəyməz” - MÜSAHİBƏ
04.04.2012 - 23:02
“İnam yoxdursa, heç getməyə dəyməz” - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisovun apasport.az saytının müsahibəsi

- Dünya çempionatının pley-off mərhələsinin Rusiya ilə cavab oyununa hazırlıq necə gedir?
- Artıq 2 gündür komanda bir araya gəlib. Hər gündə 2 dəfə məşq edirik. Qapıçımız Andrey Tveryankindən başqa, hamı komandaya qoşulub. Deyəsən, Tveryankinin zədəsi var.

- Komandada mərhələ adlamağa inam, ümid varmı?
- Ümid hər zaman var. Əgər inam yoxdursa, heç getməyə də dəyməz. Düzdür, şansımız azdır. Çünki doğma meydanda uduzduq. Lakin komanda cavab oyununa konsentrasiya olub. Bütün gücümüzü qoyacağıq ki, final mərhələsinə vəsiqə qazanaq.

- Amma Bakıdakı məğlubiyyət vəziyyəti tamamilə rusların xeyrinə dəyişib...
- Əlbəttə, burda yenilməsəydik, ən azı heç-heçə edə bilsəydik, şansımız indikindən daha yüksək olardı. Ancaq bunu bacara bilmədik. Oyundur, hər cür nəticə qeydə alına bilər. Rusiya yığması da zəif komanda deyil. Son Avropa çempionatının finalçısıdır. Çalışacağıq ki, cavab oyununda vəziyyəti xeyrimizə dəyişək. Buna nə dərəcədə nail olub-olmayacağımızı oyundan sonra biləcəyik.

- İlk oyunda müdafiədə kobud səhvlərə yol verdiniz. Cavab oyununda bu boşluğu necə dolduracaqsınız?
- Belə deməzdim. Çünki rəqibin oyun ərzində 6-7 qol imkanı oldu ki, bu da futzalda çox aşağı göstəricidir. Rusiya yığması Serbiyadan çox güclüdür. Amma Serbiya ilə oyunda buraxdığımız qolları ruslarla matçda təkrar eləmədik. Yəni, serblərlə görüşdə daha çox səhvə yol vermişdik.

- Birinci qarşılaşmada Rizvan Fərzəliyevlə Andrey Tveryankinin yoxluğu hiss olunurdumu?
- Əlbəttə. Xüsusilə, Rizvan kimi təcrübəli futzalçıya ehtiyac var idi. Tveryankin də uzun müddətdir ki, bizimlə birgə çıxış edirdi. Bununla buraxılan qollarda qapıçının səhvə yol verdiyini deyə bilmərəm. Sadəcə, onların yoxluğu hiss olunurdu.

- Bəs heyətə yeni cəlb edilən Kaka nə dərəcədə faydalı oldu?
- Təcrübəlidir. Onu hələ Rusiya çempionatında oynayan vaxtdan tanıyıram. Cəmi 5-6 gün komanda ilə birgə məşq edib, oyuna çıxdı. Yaxşı oynadı, qol vurdu, ötürmə verdi. Yəni meydanda ürəklə çıxış etdi. Komandaya köməyi dəydiyini düşünürəm.

- Maraqlıdır ki, 2010-cu ildə Avropa çempionatında dördüncü yeri tutduqdan və həmin il “Araz” UEFA kubokunda bürünc medal qazandıqdan sonra futzalda elə də ciddi uğurumuz olmayıb. Yəni, həmin zəfərin davamı gəlmədi. Bəziləri bunu Biro Jadenin yoxluğu ilə əlaqələndirir. Bunun bağlı siz nə düşünürsünüz?
- Bu tək Biro Jadenin yoxluğu ilə bağlı deyil. Bironun vaxtında fərqli oyun sərgiləyirdik. Onda yığmanın bütün üzvləri “Araz”da toplaşmışdı. Hamı bir yerdə məşq edir, oynayırdı. Həmin vaxt hamımız yaxşı formada idik. Artıq həmin vaxtdan 2 il keçib. Təbii ki, biz də yaşlaşırıq. Həm də arxada qalan müddətdə çempionatımızın səviyyəsi də qalxmayıb ki, biz də artıraq. Düzdür, Serjao və Biro Jade Ukrayna, Tyaqo isə Küveyt çempionatına yollandı. Biz isə “Araz”da qaldıq. Bu da öz sözünü dedi.

- Üstəlik, arxadan yeni nəsil də gəlmir...
- Nəyin necə olduğunu hamı görür. Yığmada yenə həmin oyunçulardır. Cəmi 2 yeni oyunçu gəlib. Onlardan Kakanın 33-34 yaşı var. Gənc deyil. Seymur Məmmədov da 28 yaşındadır. Onu da gənc hesab etmək olmaz.

- Belə çıxır ki, futzalımız uçuruma gedir?
- Tam belə demək olmaz. Sadəcə, 2012-ci il bizim üçün uğursuz alındı. Avropa çempionatında zəif oynamasaq da, nəticə çox pis oldu. “Araz”da UEFA kubokunda sözünü deyə bilmədi. Həmin vaxt “Barselona”nın favorit olduğunu bilirdik. Buna görə də çətin olacağını gözləyirdik. Bundan başqa, dünya çempionatının seçmə qrup mərhələsinin oyunları zamanı qrupdan lider kimi çıxmalı idik. Çünki Bakıda oynayırdıq. Yəni Xorvatiyaya yeniləcəyimizi gözləmirdik. Biz komanda şəklində onlardan güclü idik. Ancaq imkanlarımızdan istifadə edə bilmədik.