“Daha çox İbrahimoviçlə olan mübahisə yadımdadı” MÜSAHİBƏ
05.04.2012 - 11:08
“Daha çox İbrahimoviçlə olan mübahisə yadımdadı” MÜSAHİBƏ
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo az öncə özü və “İnter”ə sevgisi ilə bağlı müsahibə verməkdən ötrü İtaliyaya səfər edib. Apasport.az saytının xəbərinə görə, “Corriere della Serra”nın jurnalistləri ilə görüşən portuqaliyalı həmişəki kimi maraqlı açıqlamaları ilə diqqət çəkib.

- Joze, məşqçi oyunçuların hörmətini necə qazanmalıdı?
- Oyunçular ağıllı insanlardı, sizə bələd olurlar və onlar üçün hər şey əlçatandı. Necə məşqçi olduğunuzu vicdanla deyə bilərlər: hazırlıqlı, ya yox. Və hörmətlərini qazanmaq üçün ən yaxşı yolun onların özlərinə hörmət etmək olduğunu düşünürəm. Futbolda daha çox oyunçulara hörmətlə yanaşıram.

- Fərqli ölkələrdə uğura nail olduğunuz üçün özünüzü xoşbəxt hiss edirsiz?
- Çox! Çox gözəl insanlarla işləmişəm.

- Çalışdırdığınız komandanın oyunçuları necə idi?
- Unikal. "Çelsi"də komandanın yarısı afrikalılar idi, onlar digər oyunçularla böyük qrup yaratmışdılar. Halbuki, "İnter"də 7-8 argentinalı var idi ki, onlar da böyük ailə təşkil edirdilər. Heç vaxt bu dərəcədə möhkəm kollektiv görməmişəm. Onlar üçün çox darıxıram.

- Qalib komanda yaratmağın sirri nədədi?
- Birincisi, oyunçuların dilində danışmaq lazımdı. Onlarla doğma dillərində ünsiyyət quranda digərlərindən fərqli münasibətin yaranmasına imkan verir.

- Yaxınlarda gözəl günlərin birində "İnter"ə qayıdacağınızı bəyan etdiz.
- Bunu təsdiqləyirəm, "İnter"in birinci azarkeşiyəm və dəqiq qayıdacam. İndi gələcəyim Madridlə bağlıdı, hələ müqaviləmə əsasən 2 ilim var. Lakin kim bilir?

- Oyunçularla münasibətiniz necədi? Onlar sizinlə heç vaxt mübahisə etmirlər?
- Əlbəttə, mübahisə edirlər. Daha çox İbrahimoviçlə olan mübahisə yadımdadı, 5 dəqiqə davam etdi. Çempionlar Liqasında (ÇL) qalib gəlmək üçün "Barselona"ya getmək istəyirdi, ona qarşı çox əsəbi idim. Çünki onu "İnter"in qazanacağına əmin idim. Ona görə çox təəssüflənirəm, çox gözəl oğlandı, ailəsi üçün yaşayır. Futbol müzəffəridi. Ardıcıl olaraq 9 dəfə İtaliya çempionatında qalib gəldiyini heç kim unutmamalıdı və ÇL-i qazanması üçün kifayət qədər vaxtı var.

- Özünüzü dünyaya necə göstərirsiz? Futboldakı Mourinyo ilə real həyatdakı Mourinyo arasındakı fərq nədi?
- İşini yaxşı edənlərdənəm. Rəqabət aparmağı bacarıram, futbol adamıyam. Məni lazımınca yalnız dostlarım və ailəm tanıyır. Futbolu bilmək üçün yaxşı məşqçi olmaq kifayət deyil. Hadisələrin gedişinə təsir edə biləcək çoxlu amillər var. Fikrimcə, oyunçularla eyni mədəniyyət bazasına malik olmaq lazımdı, axı, o, 30 il bundan öncəkindən fərqlənir.

- Uğurun sirri nədədi?
- Təkcə istedad kifayət deyil. Futbolçu həyatı 10 illərlə məhdudlaşır və maksimum əldə etməyə çalışırsan.

- Gələcək məqsədiniz?
- 3 fərqli komanda ilə ÇL-də qalib gəlmək və dünyanın daha çətin 3 çempionatında qalib gələn yeganə insan olmaq: İtaliya, İspaniya və İngiltərə. Üstəlik, Portuqaliya yığmasında da kubok qazanmağı arzulayıram. Həyatda isə sadəcə, sağlam olmaq və sevdiyim insanlarla qalmaq istəyirəm. Təqaüdə çıxandan sonra yaddaşlarda işinin öhdəsindən yaxşı gələn insan kimi qalmaq niyyətindəyəm.