Ekvator xəttinə çatan mübarizə: 4-cü yerin qiyməti qalxdı
06.04.2012 - 11:45
Ekvator xəttinə çatan mübarizə: 4-cü yerin qiyməti qalxdı
Premyer Liqada final mərhələsinin I dövrəsi başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, dövrlərarası fasilə olmayacağından, komandalar növbəti həftə “altılıq”da mübarizəni davam etdirəcəklər.

I dövrədə son turun matçları şənbə və bazar günlərinə bərabər sayda bölüşdürülüb. XXVII turun sabahkı ilk “altılıq” oyunlarını turnir cədvəlində “qonşular”ın dueli kimi xarakterizə edə bilərik.

Son 2 turda heç-heçə edən “Neftçi” Bakı derbisinə çıxacaq. Liderlə ən yaxın izləyiciləri arasında xal fərqinin azalması çempionluq mübarizəsini gərginləşdirib. Bu mənada avrokuboklara vəsiqə uğrunda mübarizədə təkcə mükafatçı olmağın yox, 4-cü yerin də qiyməti qalxıb.

Belə ki, 4-cü pilləni tutan komanda çox güman Avroliqaya gedəcək. Çünki “Bakı”nın da mübarizəni davam etdirdiyi ölkə kubokunun yarımfinalında “Neftçi”, “Qarabağ” və “İnter” hazırda ilk “üçlük”dədir və onlardan birinin kuboku qazanmağı 4-cü yerin sahibinin avtomatik Avroliqaya çıxması deməkdir.

Ona görə də “zolaqlılar” həmin pilləni tutsa, kubokda uğur qazana bilməsə belə, avrokuboklara vəsiqə qazanacaq. “Bakı”nın keçən turda “Qəbələ” üzərində qazandığı əzmkar qələbə ilə onunla xal fərqini minimuma endirməyi 4-cü yeri tutmaq şansını saxlayır. “Neftçi” isə çempionluq titulunu qorumaq yolunda 2 oyunluq fasilədən sonra qalib gəlməyə çalışacaq.

“İnter” final mərhələsinə qələbə ilə başladıqdan sonra ardıcıl 3 məğlubiyyət aldı. Nəticədə 9 xal itirən “bankirlər”ə “Xəzər Lənkəran” çataraq, yalnız şəxsi oyunlara görə ondan geri qalır. “İnter”ə növbəti xal itkisi çempionluq mübarizəsində şansını daha da azaldacaq. Komanda 2-ci pilləni qaytarmaq üçün yaxşı imkana malikdir ki, bunun üçün orada qərarlaşan “Qarabağ”a evdə qalib gəlmək lazımdır. Ağdamlılar isə ötən tur “Neftçi”yə öz meydanında qalib gələ bilməyəndən sonra ən azı onunla 5 xal fərqini saxlamaq üçün səfərdə qələbə qazanmalıdır.

Qəbələdəki oyundan öncə diqqəti çəkən məqam Yannik Kamananın mükafatlandırılmağı olacaq. Belə ki, jurnalistlər, futbol klublarının baş məşqçiləri və kapitanları arasında aparılmış sorğu nəticəsində “Qəbələ”nin hücumçusu “ayın futbolçusu” seçilib. Bununla bağlı ənənəvi mükafat ilk dəfə əyalətdə, oyun zamanı martda 6 qol vuran 31 yaşlı fransalı legionerə təqdim olunacaq. Bu məqsədlə “Unibank” və Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri jurnalistlərlə birgə sabah səfərə çıxacaq. Matçdan öncə Kamanana “Unibank”dan 1111 manat pul mükafatı, PFL-dən isə qiymətli hədiyyə təqdim olunacaq.

Oyuna gəlincə, “Qəbələ” üçün ötən həftə keçirdiyi səfər matçları uğursuz oldu. Belə ki, komanda kubokda mübarizəni Ağdamda dayandırdıqdan sonra Bakıda eyni adlı komanda ilə oyunda hesabı açdığı halda, son saniyələrdə buraxdığı qolla uduzdu. Qəbələlilər kimi “Xəzər Lənkəran” da kubokdan kənarda qaldığından, Avropaya vəsiqəni yalnız Premyer Liqada qazana bilər. Bu, oyuna marağı, nəticənin əhəmiyyətini xeyli artırır. “Qəbələ” şansını saxlamaq üçün özündən irəlidə olan lənkəranlılara qalib gəlib, onunla xal fərqini 3-ə endirməlidir. Meydan sahibləri buna nail olmasa, işini çətinləşdirəcək. “Xəzər Lənkəran” isə mükafatlar uğrunda mübarizədə çətin səfər sınağından çıxmalıdır. Komanda elə ötən ay Qəbələdə meydana çıxaraq, hesabda irəlidə olduğu oyunda sonda uduzmuşdu. “Qəbələ” ilə “Xəzər Lənkəran” bir-birinə eyni hesabla qalib gəldiyindən, şəxsi oyunlarda bərabərdir və qalib gələn üstünlük qazanacaq.

7 aprel
16:00. “İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 0:0

16:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:2, 2:1

16:00. “Turan” – “Kəpəz”
Tovuz. Şəhər stadionu
Tovuzdakı oyunların balansı – 3:1, 1:1

8 aprel
16:00. “Neftçi” – “Bakı”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:0, 3:1

17:00. AZAL – “Sumqayıt”
Bakı. “AZAL Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:2, 6:3

18:15. “Rəvan” – “Simurq”
Bakı. “Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:1

komandalar o q h m tx
1Neftçi26173649-2354
2Qarabağ26147531-1649
3İnter26146624-1648
4 Xəzər L26146636-2248
5 Qəbələ26127835-2842
6 Bakı26125931-2641
7 AZAL261051139-4135
8 Rəvan26871127-3231
9 Kəpəz26851332-4229
10 Simurq26661423-3924
11 Turan26541720-3619
12 Sumqayıt26441819-4516