“Bu dəyişikliklər işimizi çətinləşdirəcək” - MÜSAHİBƏ
06.04.2012 - 13:31
“Bu dəyişikliklər işimizi çətinləşdirəcək” - MÜSAHİBƏ
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlakın müsahibəsi

- Yannik Kamanan mart üçün keçirilən sorğuda “ayın futbolçusu” nominasiyasının qalibi oldu. Baş məşqçi kimi bunu gözləyirdinizmi?
- Bununla bağlı klub daxilində hansısa fikir mübadiləsi etməmişdik. Bu baxımdan nəticə bizim üçün sürpriz oldu. Ancaq mart ayında keçirilən oyunları analiz edərkən, onun komanda üçün faydalı olduğunu düşünürəm. Vacib qollar vurdu. Yəni daim diqqət mərkəzində oldu. Arxada qalan müddətə nəzər saldıqda adətən yarımmüdafiəçilər və hücumçuların nominasiyanın qalibi olduğunu danılmaz faktdır.

- Bu xəbərin, eləcə də futbolçunun təltif edilməsinin “Xəzər Lənkəran”la oyundan öncəyə nəzərdə tutulmasının komandanızda müsbət ab-hava yaradacağını düşünmək olarmı?
- Komanda olaraq, bu haqda danışmamışıq. Ancaq oyunçular öz aralarında bununla bağlı fikir bildiriblərsə, bundan xəbərim yoxdur.

- Amma Kamanan üçün bunun stimul olacağı dəqiqdir...
- Yannik hər zaman faydalı futbolçudur. Bunun ona motivasiya olacağını düşünürəm.

- Bu turda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bəs bu oyun haqda nə düşünürsünüz?
- Rəqibin düşərgəsində baş məşqçi dəyişikliyi olub. Yeni təyinatdan sonra baş məşqçi bir müddət komandanı tanımağa çalışdı. Son turda isə vacib qələbə qazanmağı bacardılar. Qələbə ilə yanaşı, yaxşı futbol oynadıqlarını da qeyd edə bilərəm. Çünki oyunu izlədim. Ağır və çətin oyun olacağını bilirəm. Onların da hədəfləri, məqsədləri var. Hər şeyə rəğmən, biz meydana 3 xal qazanmaq üçün çıxacağıq.

- Son dueldə “Xəzər Lənkəran”ı məğlub etməyi bacardınız. Ancaq həmin matçla müqayisədə rəqibin baş məşqçisi dəyişib. Onların son oyununu da izləmisiniz. Oyun planında nə kimi dəyişiklik müşahidə etdiniz?
- Rəqibdə dəyişikliklər var. Ancaq baş məşqçi kimi, bunları açıqlamaq düzgün olmazdı. İstənilən halda, komandada baş məşqçi dəyişdikdən sonra digər futbolçular özlərini göstərməyə, sübut etməyə çalışırlar. Yəni, bu baxımdan dəyişikliklər var. Həm də psixoloji baxımdan baş verən bu dəyişikliklər bizim işimizi çətinləşdirəcək.

- “Xəzər Lənkəran”ın xüsusilə çəkindiyiniz hansısa bir üstünlüyünü qeyd edə bilərsinizmi?
- “Xəzər Lənkəran” güclü və böyük klubdur. Amma hansısa bir mövqeni xüsusilə vurğulamaq istəmirəm. Sadəcə, deyə bilərəm ki, çox çətin oyun olacaq.

- Ötən həftə “Bakı”ya məğlub oldunuz. Bu oyun futbolçularda hansısa mənfi ab-hava yaradıbmı?
- Təbii ki, 3 xal itirdiyimizə görə məyus olduq. Hansı ki, həmin oyunda qazanılacaq qələbə bizi üst sıralarda yer alan komandalara yaxınlaşdıracaqdı. İlk “altılıq” oyunlarının sürətli, maraqlı keçdiyini deyə bilərəm. Buna görə də hələ heç nə itirilməyib. Toparlanmalı və hər şey rəsmiləşənə qədər mübarizəni davam etdirməliyik. Hər şey qaydasındadır.

- Komandanızı hazırda üçüncü pillədən 6 xal ayırır. Bu fərqi aradan götürmək realdırmı?
- Çox realdır. Bunun üçün oyunları qələbə ilə bitirməliyik. Əlbəttə, rəqiblərimiz hamısı bir-biri ilə oynayır və xal itirmə ehtimalı da yox deyil. Bu tur qələbə qazansaq, “Xəzər Lənkəran”la xal fərqini 3-ə endirəcəyik. “Qarabağ” “İnter”i yensə, üçüncü pillə ilə də fərqi 3 xala qədər azaldacağıq. Əksinə, “İnter” qələbə qazansa, “Qarabağ”a yaxınlaşacağıq. Yəni hər şey realdır.

- Məşqçilər korpusunda baş verən dəyişikliklə bağlı nə deyə bilərsiniz. Doğurdanmı, Qari Stivensinin xidmətinə ehtiyac duymadınız?
- Bəli, ehtiyac duymadıq. Öz heyətimlə çalışmaq istəyirdim. Əslində Stivensin komandadan qışda ayrılmışdı. Heç Antalya toplanışında da o bizimlə deyildi. Bunu istəmədik. Sadəcə, rəhbərliklə bəzi məsələləri qaydasına salmalı idi. Buna görə də xəbər mətbuata gec açıqlandı. Hər şey həll edildikdən sonra açıqlama verildi.

- Yığmanın da formasını geyinən Vurğun Hüseynov zədəsini sağaltsa da, hələ əsas komandanın oyunlarında iştirak etmir. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Vurğun 1-2 həftədir hazırdır. O, bizə lazımlı oyunçudur. Komandaya faydalı futbolçudur və hər an xidmətindən yararlana bilərik.

- Qarşıdakı oyunlarda onu meydanda görə biləcəyikmi?
- Bizdə qapıçıları çıxmaq şərti ilə 22 futbolçu var. Daha iki oyunçu isə komandadan ayrılıb. “Altılıq” oyunlarının çətin keçdiyini nəzərə alsaq, bu futbolçuların hamısının meydanda görə bilərsiniz. Bu günə qədər adı “18-liy”ə düşməyən futbolçuya da şans verə bilərik. Vurğun da onlardan birdir.

- İki futbolçunun ayrıldığını dediniz. Veselko Trivunoviçlə müqavilənin pozulması haqda klubdan məlumat verilsə də, digər oyunçunun adı qeyd edilməyib. Həmin futbolçu kimdir?
- Söhbət Rövşən Əmiraslanovdan gedir. Əslində, onun xidmətindən istifadə edə bilməyəcəyimə görə, belə deyirəm. Onun müqaviləsi mövsümün sonunda bitəcək. Rövşən hazırda müalicə prosesi keçir, zədəsi var. Veselko ilə müqavilə ləğv edilib, amma Əmiraslanovun məsələsinə yayda baxılacaq.

- Toni Adamsın ən çox şans verdiyi futbolçulardan olan Saşa Yunisoğlu da ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilib. Ona son oyunlarda şans verməməyiniz nə ilə bağlıdır?
- Saşa tək Adamsın deyil, mənim də güvəndiyin futbolçulardandır. İndi komandada güclü rəqabət var. Meydana isə 11 futbolçu çıxır. Buna görə Saşa ehtiyatda qalır. Amma ona inanıram.