İqor Ponomaryov: And içirəm ki, bu, məndə narahatçılıq yaratmadı - MÜSAHİBƏ
06.04.2012 - 14:18
İqor Ponomaryov: And içirəm ki, bu, məndə narahatçılıq yaratmadı - MÜSAHİBƏ
Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- Bakıya səfəriniz zamanı AZAL-ın baş məşqçisi təyin olunmağınızla bağlı xəbərlər yayıldı. Ancaq bu gün məlum oldu ki, komandanın yeni baş məşqçisi Vaqif Sadıqov oldu...
- Gördüyünüz kimi, bu komandaya təyinatımla bağlı yayılan söz-söhbətin düz olmadığı öz təsdiqini tapdı. Görünür, hamı hər şeyi bilirdi, sadəcə, mənim adım hallandırılırdı. Mən sizə demişdim ki, bura AZAL-a dəvəti ilə onlarla danışıqlara gəlməmişəm.

- Vaqif Sadıqovu yaxşı tanıyırsınız, SSRİ dövründə “Neftçi”də bir yerdə oynamısınız. Həmkarınızın təyinatını necə qarşıladınız?
- Çox yaxşı. Əlbəttə, Sadıqovun təyinatını dəstəklədim. Qoy adam işləsin, niyə kənarda oturmalıdır? Hesab edirəm ki, AZAL Sadıqovu baş məşqçi postuna gətirməklə, düzgün addım atıb.

- Bəzi məşqçilər fikirləşə bilərdi ki, niyə məni yox, onu təyin etdilər...
- And içirəm ki, bu məsələ məndə narahatçılıq yaratmadı. Əksinə, həmkarımın təyinatına sevindim. Çünki biz həmkarıq və bir-birimizi dəstəkləməliyik. Dünən dostum Maşallah Əhmədovla görüşmüşdüm. Ona dedim ki, görəndə ki dostum irəliyə doğru gedir, bundan zövq alıram. Əslində, mən AZAL-ın sabiq baş məşqçisi Rafiq Mirzəyevin taleyinə görə üzüldüm. Onun gözlənilmədən istefaya göndərilməyi mənim üçün əsl şok, anlaşılmaz oldu. İnsanı düz yerdə işində çıxartmaq...Mirzəyev baş məşqçi olandan komanda daha çox xallar qazanmağa başladı. Mən onun özünə dedim ki, işini davam etdirməyin daha düzgün olardı. Hər halda, Rafiq müəllim bizdən də yaşca böyükdür, hamımız bir yerdən çıxmışıq. Ancaq mövsümün indiki vaxtında baş məşqçi dəyişikliyi mənə aydın olmadı.

- AZAL-dan dəvət olsaydı, onun qəbul etməyi düşünürdünüz?
- Mən Bakıya bu iddia ilə gəlməmişdim. AZAL-la danışıqlar aparmaq planlarıma daxil deyildi. Mənim başqa planlarım var və onu həyata keçirməyə gəlmişdim.

- Şəxsi planda?
- Bəli. Mən bura anamı, bacımı görməyə, atamın qəbrini ziyarət etməyə, yaxınlar, dost-tanışlarla görüşməyə gəlmişdim.

- Bəs başqa klubumuzda işləmək variantı haqda düşünmüsünüz?
- Yox. Mən bu haqda heç fikirləşməmişəm. Azərbaycan futbolunun gələcəkdə daha inkişaf etməyini və mən də bunda öz töhfəmi verməyi istəyirəm. Ümid edirəm ki, belə də olacaq.

- Sizcə, AZAL Vaqif Sadıqovun rəhbərliyi nəyə nail ola biləcək? Bununla bağlı proqnoz verə bilərsiniz?
- Mən adətən proqnoz vermirəm. Çünki bu, futboldur və əvvəldən heç nəyi dəqiq söyləmək olmaz. Ola bilər ki, top qapı dirəyinə dəydi, yaxud tora daxil oldu. Ümid edirəm ki, Sadıqovun işi uğurlu olacaq. İstərdim ki, o, AZAL-da uzun müddət işləsin, daha 2 aydan sonra çıxartmasınlar. Hər halda, məşqçi üçün bəxt amili də vacibdir. Sadıqova işində uğurlar arzulayıram.

- Onunla Bakıda olduğunuz müddətdə görüşmüsünüz?
- Yox.

- Bəs zəng edib, təbrik etmisiniz?
- Onunla əlaqə saxlayıb, bunu edəcəyəm.

- İsveçə nə vaxt qayıdırsınız?
- Bu bazar. Həmin günə geriyə biletim var.

- Sabah Premyer Liqamızın növbəti turu start götürür. Oyun izləmək fikriniz var?
- “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Qarabağ” oyununu izləməyi düşünürəm.

- Oğlunuz Anatolinin işləri necə gedir?
- Yaxşı. Menecer kimi fəaliyyətini davam etdirir, çalışır. Təbii ki, bir ata kimi işlərinin yaxşı getməyinin, bu sahədə uğurlar qazanmasını istərdim.

- Bəs sizi nə vaxt iş başında görə biləcəyik? Sevimli işinizdən uzun müddət kənarda qalmaq sizi darıxdırmır?
- Əlbəttə, yenidən məşqçi kimi çalışmaq istəyirəm. Ancaq bu, qismətdən asılıdır. Mənə hər dəfə Bakıya gəlmək xoşdur. Çalışıram ki, hər il bunu reallaşdırım. İnsan həyatı durmadan gedir və mən də planlarımın həyata keçməyini istərdim.

Mehman SÜLEYMANOV