“Azərbaycan çempionatı Xorvatiyadan irəlidədir”
07.04.2012 - 12:01
“Azərbaycan çempionatı Xorvatiyadan irəlidədir”
“Bakı” klubunun sabiq futbolçusu Ernad Skuliçin Xorvatiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2008-11-ci illərdə ölkəmizdə çıxış edən yarımmüdafiəçi vətənində “İnter”ə dönüşü, həmçinin Azərbaycandakı karyerası haqda danışıb.

- “İnter”ə qayıdışınız haqda nə deyə bilərsiniz?
- Doğma komandama qayıtdığıma şadam. Düzdür, “köhnə qvardiya”dan Muzek, Ceka, Gul və mən qalmışıq. Digər oyunçular da uşaq deyillər. Mən buranı tərk edəndə olduğum kimidirlər.

- 2008-ci ildə keçdiyiniz “Bakı”da 4 ilə 150-yə yaxın oyun keçirib, 20 qol vurdunuz. Azərbaycan haqda təəssüratlarınız necədir?
- Mən hara getdiyimi ölçüb-biçmişdim. Üstəlik, uyğunlaşma prosesi də asan keçdi. Ən əsası orda çox sayda xorvatiyalı və sabiq yuqoslaviyalı var. Əgər ətrafınızda yoldaşlıq etməyə kimisə tapırsansa, uyğunlaşma ilə bağlı problem olmur. İndi də Azərbaycanı hamıya tərifləyirəm. İmkanınız olsa gedin gəzin.

- “İnter”də uzun müddət qalacaqsınız?
- 3 aylıq müqavilə bağlamışam. Futbolumuzda nələr baş verdiyini görəndə təəssüf hissi keçirirəm. Azərbaycanda hər şey fərqli idi.

- Azərbaycanda bizdəki kimi deyil?
- Yox. Düzdür, bəzən maaşlar gecikə bilər. Amma həmişə əmək haqqını qəpiyinə kimi verirlər. Hətta razılaşdığından artığını alırsan. Pulların belə verilməsi, şəraitin yaxşı olması ildən-ilə daha tanınmış futbolçuları Azərbaycana cəlb edir. Stadionlar, meydanlar düzəlir. Bizdəkindən fərqli, orda klublar bütün şəraiti yaradır. Futbolçu da bütün diqqətini oyunlara yönəldir.

- Belə çıxır ki, Azərbaycan çempionatı Xorvatiyadan öndədir?
- Bizim ölkədə Vyetnam, Hindistan, Qazaxıstan və Azərbaycan futbolu haqda bədbin fikirlər yaranıb. Bizimkilərin gözündə bu ölkələrin futboluna çox yuxarıdan aşağı baxılır, futbolun sonu kimi qəbul olunur. Mən isə Azərbaycanda oynamış futbolçu kimi deyirəm: Bu ölkələrin hamısında çempionatda çıxış edən oyunçuların səviyyəsi Xorvatiyadakından qat-qat irəlidədir.