“Azərbaycanla cavab matçında məqsəd hamıya aydındır” - MÜSAHİBƏ
07.04.2012 - 16:59
“Azərbaycanla cavab matçında məqsəd hamıya aydındır” - MÜSAHİBƏ
Rusiya milli komandasının futzalçısı Konstantin Mayevski yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi dünya çempionatının pley-off mərhələsində Azərbaycan yığması ilə ilk oyunu şərh edib və aprelin 9-da baş tutacaq cavab matçı barədə fikirlərini açıqlayıb.

- Konstantin, demək olarmı ki, Azərbaycan üzərində ilk matçdakı qələbədən sonra Rusiya duelin şərtsiz favoritidir?
- Fikrimcə, bu gün Rusiya yığması elə güclü oynayır ki, onu istənilən rəqiblə, istənilən matçda favoritlər sırasına daxil etmək olar. Bu sarıdan Azərbaycan da istisna deyil.

- Bakıda qazanılan minimal fərqli qələbə (3:2) ədalətli nəticədirmi?
- Bilirsiz, mən daha artığına layiq olduğumuzu hesab edirəm. Oyunun sonunda buraxılan topları qapımızda görməyə də bilərdik. Lakin nə etmək olar? Son dəqiqələrdə belə alındısa, deməli, elə belədir.

- Bəs oyunun sonunda sizdə nə çatmadı?
- İlk növbədə biz bunadək öz imkanlarımızı boşa verdik. Azərbaycan qapıçını sahə oyunçusuna dəyişib, say üstünlüyü ilə oynayanda bizim 4-cü, 5-ci topu da vurmağa imkanımız var idi. Lakin biz bunlardan istifadə etmədik. Azərbaycan isə öz yarım vəziyyətlərini qollara çevirə bildi.

- Siz birinci oyunu təhlil etmisizmi?
- Xeyr, biz yalnız dünən Tümendə toplaşmışıq. Buna görə də fikrimcə, nəzəri məşğələ və oyunun təhlili hələ qabaqdadır.

- İlk qarşılaşmadan sonra baş məşqçiniz Sergey Skoroviç sizə nə dedi?
- Düzünü deyim, matçdan dərhal sonra geniş söhbətimiz olmayıb. Uşaqların hamısı onsuz da başa düşürlər ki, Azərbaycanla duel 2 matçdan ibarətdir. Biz cavab qarşılaşmasına hazırlaşırıq, məqsəd hamıya aydındır. Ona görə də, heç kimə xüsusi bir söz demək lazım deyil.

- Yığma cavab necə hazırlaşacaq?
- 2 və ya 3 nəzəri məşğələ olacaq. Bu gün 2 məşq keçiriləcək, sabah isə daha 1 hazırlıq prosesi olacaq. Çox güman ki, oyun ərəfəsində də nəyisə təhlil edəcəyik. Mən əmiməm ki, 3 günlük hazırlıq müddətini biz maksimum faydalı keçirəcəyik və oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq.

- Rusiya yığması hansı komponentlərdə Azərbaycan komandasından aşkar üstündür?
- Deyə bilərəm ki, konkret olaraq Bakıda keçirilən matçda biz bütün göstəricilərdə rəqibdən güclü idik. Bəli, 4 nəfərlə 5 oyunçuya qarşı oynayanda biz 2 qol buraxdıq. Lakin təkrar edirəm ki, matçı tamamilə başqa bir hesabla bitirmək gücündə idik. Bununla belə aprelin 9-da cavab görüşündə tam başqa oyun olacaq. Azərbaycan yığmasının itirəsi bir şeyi yoxdur, onların komandası güclüdür. Buna görə də ciddi hazırlaşmaq lazımdır.

- Matçın evdə keçirilməsi azarkeşlərin yüksək səviyyədə dəstəyinə ümid etməyə imkan verirmi?
- Əlbəttə. Əminəm ki, Tümendə anşlaq olacaq və Rusiya yığmasını layiqincə dəstəkləyəcəklər.