Kaxaber Sxadadze: Bu cür oyunlar çempionatın səviyyəsini artırır
07.04.2012 - 19:39
Kaxaber Sxadadze: Bu cür oyunlar çempionatın səviyyəsini artırır
"Çox maraqlı və baxımlı oyun oldu. "Qarabağ" çox gözəl oyun göstərir. Qurban Qurbanovu bu cür komandaya görə təbrik etmək istəyirəm. O, çox bacarıqlı məşqçidir". Apasport.az saytının xəbərinə görə,bunu "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Qarabağ"lə keçirilən oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis komandasının bu görüşdə sonadək mübarizə apardığını bildirib: "Rəqiblər bir-birinə layiq oyun göstərdi. Fikrimcə, hesab oyuna görə oldu. Futbolçulara göstərdikləri əzmkarlığa görə minnətdaram. Sonadək mübarizə aparıb hesabı bərabərləşdirdik.

Komandalara yüksək oyun səviyyəsinə görə təşəkkür etmək lazımdır. Bu cür oyunlar futbolun və çempionatın səviyyəsini artırır. Hələ hər şey qarşıdadır. "Neftçi" yarışda irəlidə olsa da, hər turda dəyişiklik ola bilər. Azarkeşlər bu cür oyunları stadiondan izləyib həzz almalıdırlar".