Ramin Musayev: Sual oldu ki, “Topaz”la çalışmaq istərdiz, yoxsa Unibankla
07.04.2012 - 23:01
Ramin Musayev: Sual oldu ki, “Topaz”la çalışmaq istərdiz, yoxsa Unibankla
“Unibankla müqaviləmiz bu il başa çatacaq”. Apasport.az saytının xəbərinə görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

“Qəbələ” – “Xəzər Lənkəran” matçından sonra jurnalistlərin suallarını cavablandıran Musayev bundan sonra başqa bir bankla əməkdaşlıq müqaviləsi bağlayacaqlarını istisna etməyib: “Sual oldu ki, Topaz-la çalışmaq istərdiniz, yoxsa Unibankla. Topaz-ı pisləmirəm, amma Unibankla işləmək istərdik. Çünki onlar futbola diqqət ayıran ilk bankdır. Əgər başqa banklardan daha fərqli təklif gəlməsə, onlarla işləməyə davam edəcəyik. Bu fərq 50000, 100000 manat civarında olsa belə, biz Unibankı seçəcəyik. Buna səbəb yenə qeyd etdiyim kimi, onların futbola ilk dəstək verən bank olmalarıdır”.

PFL prezidenti ad çəkməsə də, 2 bankı onlara müraciət etdiyini söyləyib: “Hazırda iki bank müraciət edib. Ancaq onlarla ölkə kuboku barədə danışmamışıq. Topaz-dan başqa şirkət də var. Amma Unibankla danışıqlar yekunlaşmamış, onlarla danışmayacağıq”.

Qarşılaşmaya gəlincə, Musayev “Qəbələ”nin oyununu bəyənməyib: “Onlarda qələbə ruhu yox idi. Bununla belə, komandada bəyəndiyim futbolçular oldu. Xüsusilə də Ürfanı qeyd etmək istərdim. Cəmi 20 yaşı var. Çox yaxşı oynadı. Legionerlərdən də özünü yaxşı tərəfdən göstərən oldu. Dodonu, Bartonu qeyd edə bilərəm. Amma Bartonun niyə əvəz edildiyini başa düşə bilmədim. Bunu baş məşqçi bilər. “Qəbələ” klubunun gördüyü işləri bəyəndim. Bu gün ölkəmizə qonaq gəlsə və onlara hansısa klubumuzu göstərmək lazım olsa, onları Qəbələyə gətirərik. Burdakı şərait futbolun inkişafı baxımından çox yüksəkdir”.