Milli komandamızdan 2 oyunçu kənarlaşdırıldı
08.04.2012 - 12:05
Milli komandamızdan 2 oyunçu kənarlaşdırıldı
Azərbaycan futzal yığması dünya çempionatının pley-off mərhələsində Rusiya milli komandası ilə cavab matçına 12 oyunçu ilə yollanıb. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva Bakıdakı təlim-məşq toplanışına 14 oyunçu ilə hazırlıq keçdikdən sonra seçimini edib. Belə ki, o, daha çox ehtiyatda qalan 2 yerli oyunçunu – “Araz”da da rəhbərliyi çıxış edən Namiq Məmmədkərimovla “Ekol”dan Elnur Qəmbərovu Tümenə aparmağı lazım bilməyib.

Bunlardan Elnurdan fərqli Namiq uzun illərdir futzal yığmamızın şərəfini qoruyaraq, fevralda Xorvatiyada keçirilən Avropa çempionatının final mərhələsinə aparılmışdı. Ancaq nadir hallarda meydana çıxan təcrübəli hücumçunun adının ümumiyyətlə, matçın protokoluna daxil edilməməyi halı da olub. Namiq Rusiya yığması Bakıda 2:3 hesabı ilə uduzduğumuz ilk oyunda az da olsa meydanda olmuşdu. Qəmbərov isə həmin matçın 12 nəfərlik protokolunda yer almamışdı.

Braziliyalı çalışdırıcımız 2 ay öncə Zaqrebə apardığı, ancaq Bakıdakı matça çağrmadığı “Neftçi İSM”nin oyunçusu Rüfət Balakişiyevi Tümendəki cavab görüşünün hazırlığına cəlb edərək, səfərə də aparıb. Bununla da millimizin sabahkı cavab oyununa protokolda nəzərdə tutulduğu sayda - 12 nəfərlik heyəti var. Bunlar qapıçılar Marat Salyanki (kapitan) ilə Elnur Zamanov, sahə oyunçuları Rəcəb Fərəczadə, Vitali Borisov, İlkin Hacıyev, Rüfət Balakişiyev, Zeynal Zeynalov, Seymur Məmmədov, Felipe, Kaka, Serjao, Jadder Dantasdır.

Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu sabah Bakı vaxtilə saat 18:00-da başlayacaq.

Mehman SÜLEYMANOV, Tümen