Joze Alesio Da Silva: Biz Rusiya yığmasından revanş almağa çalışacağıq
08.04.2012 - 19:26
Joze Alesio Da Silva: Biz Rusiya yığmasından revanş almağa çalışacağıq
“Sabahkı oyun hər 2 komanda üçün ciddi sınaq olacaq. Bakıdakı matçda komandalar bir-birinə qarşı necə oynamağı yoxladılar. Bu dəfə cavab görüşüdür və daha maraqlı olacaq”. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva bu gün keçirilən mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis futbolçu karyerası Rusiyaya bağlı olduğundan, oradakı həmkarlarımızın çoxsaylı suallarını cavablandırıb.

Da Silvanın sözləıinə görə, dünya çempionatının pley-off mərhələsində Rusiya yığması Bakıda matçdan ikili təəssürat ayrılıb: “Həmin matçda yetirmələrimin oyunundan razı qaldım. Çünki biz çox gülü rəqibə, Avropanın vitse-çempionuna qarşı oynadıq. Fikrimcə, hazırda Rusiya yığması təkcə Avropanın yox, dünyanın da ən güclü komandalarındandır. Ancaq təbii ki, nəticədən razı qala bilmərəm. Çünki bizdə lazımı nəticə qazana bilmədik. Evdə güclü azarkeş dəstəyimiz qarşısında oynasaq da, uduzduq. İndi bunun revanşını almaq istəyirik və sabah buna çalışacağıq. Buna nə dərəcədə nail olmağımızı isə oyun göstərəcək. Hər halda, biz bura qələbə qazanmaq üçün gəlmişik. Ümid edirəm ki, biz həm yaxşı oyuna, həm də nəticəyə nail olacağıq”.


Rus jurnalistlər braziliyalı çalışdırıcıda nostalji hissləri oyatdı: “Mən ilk dəfə deyil ki, Tümenə gəlirəm, burada oynamışam. Əlbəttə, futbolçu karyeram üçün çox darıxıram. Çünki bütün həyatımı buna həsr etmişəm. Ancaq əslində bu idman növündən getməmişəm. Sadəcə, indi başqa ampluadayam. Ancaq təbii ki, daha peşəkar səviyyədə oynaya bilmərəm”.

Cavab oyununa heyətdəki itkilərdən danışan Da Silva bununla bağlı problemlərinin olduğunu, yüz faiz komplektləşə bilmədiklərini deyib. O, dəvət göndərək, millimizdə rəsmi debütünü Rusiya yığması ilə oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə edən həmyerlisi Kakadan danışıb: “O, yığmaya mənim təşəbbüsümlə dəvət olunub. Kakadan xagiş etdim ki, belə çətin vəziyyətdə bizə kömək etsin. Onunla ciddi söhbətləşdim və şadam ki, dəvətimə razılığını verdi. Kaka artıq 2 ildir Azərbaycan çempionatında yüksək səviyyədə oynayır”.

Da Silva təkcə klubunda oynayan məşqçi olan Kakaya yox, bütün futbolçuların fikirləri ilə hesablaşdığını gizlətmədi: “Təbii ki, Kaka ilk növbədə oyunçudur. Ancaq mən oyunla bağlı şeyləri təkcə onunla yox, bütün oyunçularla müzakirə edə bilərəm. Yetirmələrim də bu planda öz fikirlərini bildirir və bu praktika bəzən fayda verir. Biz uğurlu nəticə birgə müzakirə aparmaqdan çəkinmirik. Özü də bu zaman dil problemimiz olmur. Çünki biz daha çox rus dilində danışırıq ki, bunu da komandada demək olar hamı başa düşür. Bundan əlavə, bəzi azərbaycanlı oyunçular artıq Portuqaliya dilində bəzi sözləri bilirlər. Futbolun eyni dili olduğundan, hamı bir-birinə yaxşı anlayır”.

Baş məşqçimiz oyun gecəsini yatmaq yox, çalışmaq haqda düşünür: “Futbolçu həyatı üçün həm də ona görə darıxıram ki, orda məşqini edib, oyununu oynayandan sonra rahat yatırdın. Ancaq məşqçi həyatı tam fərqlidir. Burada tək özünü yox, bütün komandanı düşünməlisən. Mən belə qrafikdə gecələr 2-3 saat yatıram. Bu gecə də az yatacağam. Rəqibin oyunu olan diskləri izləyib, təhlil aparacağam”.

Da Silva eyni zamanda rəhbərlik etdiyi “Araz” klubunun oynadığı Azərbaycan çempionatı ilə Rusiya Superliqasını müqayisə edib: “Onu gizlətməyəcəm ki, hazırda Azərbaycan çempionatı elə güclü deyil, inkişaf mərhələsindədir. Ancaq Rusiya də bu yolu olacaq. Bir neçə il öncə bu ölkənin çempionatı da yüksək səviyyədə deyildi. Ancaq Azərbaycan futzal çempionatında Rusiyada da olduğu kimi güclü, baxımlı olacaq. Hazırda Azərbaycan Futzal Federasiyası bunun üçün hər şeyi edir və bundan sonra da edəcək”.


Mehman SÜLEYMANOV, Tümen