Vitali Borisov: Çətin ki, baş məşqçimiz bunu sizə desin
08.04.2012 - 19:43
Vitali Borisov: Çətin ki, baş məşqçimiz bunu sizə desin
Azərbaycan futzal yığmasının liderlərindən Vitali Borisov Tümendə gördüklərindən razı qalıb. Apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşının məlumatına görə, dünya çempionatının pley-off mərhələsində Rusiya və Azərbaycan yığmaları arasında cavab oyunu öncəsi mətbuat konfransında iştirak edən təcrübəli oyunçu məşq etdikləri və sabah matça çıxacağı Mərkəzi İdman Kompleksinin zalından razı qaldığını bildirib: “Buradakı zal, meydança çox gözəldir. Parketdə top tez hərəkət edir. Mən Rusiya çempionatının oyunlarını izləyirəm. Görmüşəm ki, buranın yaxşı azarkeşləri var, onlar zalı doldururlar. İstərdim ki, sabah da belə olsun. Düzdür, həmin azarkeşlər rəqibin olacaq, ancaq istənilən oyunçu dolu tribunalar qarşısında oynamaq məmnun qalır. Hansı taktikamızla oynayacağımıza gəlincə, əslində bu, mənə yox, baş məşqçimizə aid sualdır. Ancaq çətin ki, o da buna dəqiq cavab verərək, hər şeyi açıqlasın. Sabahkı oyun hər şeyi göstərəcək”.

Qeyd edək ki, uzun illərdir “Araz”da oynayan Borisov vaxtilə Rusiya çempionatında Moskva “Dinamo”sunun heyətində çıxış edib.

Mehman SÜLEYMANOV, Tümen