“Millidə dəyişiklik bundan sonra olacaq!”
08.04.2012 - 23:00
“Millidə dəyişiklik bundan sonra olacaq!”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamızın dünya çempionatının pley-off mərhələsində Rusiya ilə səfərdəki cavab oyunu öncəsi brifinq keçirib. Axundov apasport.az saytının Tümenə ezam olunan əməkdaşının da suallarını cavablandırıb.

- Tümenə hansı ümidlərlə gəlmisiz?
- Təbii ki, qələbə üçün. Ruslarla cavab matçında dünya çempionatının final mərhələsinə vəsiqənin taleyi həll olunacaq. Buna nail olmaq ağır olsa belə, döyüşəcəyik. Rusiya yığmasının səviyyəsindən danışmaq artıqdır. Özünüz də Bakıda bunun şahidi oldunuz. Son Avropa çempionatının gümüş medalçısına, dünyada ilk “beşlik”də qərarlaşan rəqibə qarşı oynayırıq. Tümen mini-futbol şəhəridir. Onun Rusiya Superliqasında eybi adlı iddialı komandasının olmağı, cavab oyununun məhz bura saldırmaları da dediklərimin sübutudur. Fikrimcə, anşlaq olacaq. Bununla belə, nəinki asan təslim olmayacaq, eyni zamanda, cütün taleyini burda həll etməyə çalışacağıq.

- İlk oyundakı 2:3 hesablı məğlubiyyətdən sonra buna ümidiniz qalıb?
- Mən ən azından burdayamsa, deməli, nəyəsə ümid edirəm. Daha niyə o boyda yolu gəlirdik? Komandanın oyunu alınsa, hər şey xeyrimizə getsə, niyə də olmasın? Biz o qədər zəif yığma deyilik ki, səfərdə qələbə qazanmağımız möcüzə sayılsın. Son 4-5 ildə heç bir səfərə ümidsiz yollanmamışam.

- Mərhələ keçmək şansını faiz etibarilə necə dəyərləndirərdiniz?
- Rəqibin kimliyi bir yana, ilk oyunda uduzmuşuq, bu dəfə səfərdə çıxış edəcəyik. Əlbəttə, məntiqlə 50 faizdən az şansımız var. Ancaq mən yenə də şansların bərabər olduğunu deyirəm.

- Ötən ay Xorvatiyada uğursuzluğa düçar olan yığmada nə dəyişib?
- Milli komandamızda dəyişiklik bundan sonra olacaq! Bu, 2011/12 futzal mövsümündə son rəsmi oyunumuzdur. Payızda yeni seçmə mərhələ, dekabrda növbəti Avropa çempionatının seçmə oyunları başlayacaq. Artıq islahatların vaxtı çatıb. Komandanı yeniləmək lazımdı.

- Hansı dəyişiklikləri nəzərdə tutursunuz?
- Millidə yerli, gənclərə oyunçulara şans verilməlidir. Onların təcrübələrini artırmaq üçün istər Bakıda, istərsə də xaricdə təlim-məşq toplanışlarının sayını artırmalıyıq. Bu, bizim yeni strategiyamızdı və bu il həyata keçirməyi planlaşdırırıq.

- Bəs cavab oyunda uğur qazanılsa, onda necə olacaq?
- Düzdü, yığmamızın baş məşqçisi Joze Alesio Da Silva təcrübəli mütəxəssisdir və onunla müqaviləni yeni uzatmışıq. Ancaq ruslarla oyundan sonra braziliyalı çalışdırıcımızla söhbətim olacaq.

- Ola bilər, baş məşqçi dəyişikliyi baş versin?
- Hər şey ola bilər. Mən hazırladığım müəyyən təklifləri AFFA rəhbərliyinə təqdim edəcəyəm.

- Belə demək olar ki, bu posta alternativ variantlarınız var? Yəqin ki, yığmada azərbaycanlı oyunçuların sayı çoxalacağından, yeni baş məşqçi yerli mütəxəssis olacaq...
- Alesio artıq neçə ildir ölkəmizdə çalışır. O, Braziliyadakı ailəsinə vaxtlı-vaxtında baş çəkə bilmir. Görünür, bu da işinə təsir edir. Ehtiyat variant həmişə var. Ancaq Alesio hələ yığmamızın başında olduğundan, gəlin, gözləyək. Bakıya qayıdandan sonra AFFA-nın baş katibi Elxan Məmmədov, Alesio və mənim üçtərəfli görüşümüz olacaq. Hər şeyə orda aydınlıq gətirəcəyik.

- Gələcəyə hesablanmış planlarınızdan, yerli gənclərə üstünlük veriləcəyini danışdınız Bəs Kakanın milliləşdirilməsini məcburiyyət kimi başa düşək, yoxsa?
- Niyə məcburiyyət? Kaka təcrübəli, özünü sübut etmiş futzalçı, məşqçidir. Təbii ki, gənclər də kimdənsə görüb-götürməlidir. Komandada Kaka kimi birisinə ehtiyac duyulacaq. Mən onun debütündən tam olmasa da, müəyyən qədər razıyam. Amma milli komandanın digər 11 üzvü kimi, Kakanın da millidə qalıb-qalmamağına baxılacaq. Hamısı yenidən bir-bir gözdən keçiriləcək.

- Tyaqo ilə Alveş, eləcə də Tveryankin ruslarla oyuna çağırılmadı. Bundan belə nəticə çıxartmaq olar ki, onlara daha dəvət olmayacaq və milliləşdirilən legionerlərlə bağlı islahatlar artıq başlayıb?
- Onların hər birinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Azərbaycan futzalına öz töhfələrini verdilər. Amma yaş da sözünü deyir, onların davamçıları olmalıdır. İslahat deməyim milli komandada legioner olmayacağım demək deyil. Ancaq onların sayı 2-3 nəfərdən artıq olmayacaq.

- Yəqin ki, gedənlərdən biri Serjao olacaq. Hər halda, o, artıq 1 ildir yığmada qol vura bilmir...
- Serjao artıq 3-cü ildir millimizdədir. Belə qənaətə gəldik ki, Biro Jadesiz Serjao komandada yerini tapa bilmir. Onu Biro oynadırmış. Onların tandemi bizə uğur qazandırırdı. Ancaq Serjao hazırda ideal formasından çox-çox uzaqdır. Biz onun yalnız təcrübəsinə və texnikasına güvənirik.

- Rusiyanı keçə bilməsək, bu, uğursuzluq sayılacaq?
- Təbii ki. Düzdü, püşk bizi çətin rəqiblə üz-üzə qoydu. Ancaq bunun günahı elə özümüzdədir. Qrupda Ukraynanı qabaqlayıb, yarışı lider bitirsəydik, daha zəif rəqiblə düşə bilərdik. İkincilərin arasında Norveç, Sloveniya, Rumıniya kimi uyğun rəqiblər vardı. Ukraynanı Bakıda yenə bilməməyimizin nəticəsidir ki, Avropanın vitse-çempionuna qarşı-qarşıyayıq.

- Komandanı Rusiya ilə cavab matçında qələbəyə necə motivasiya etmək olar?
- Oyundan öncə futzalçılarla 20-30 dəqiqəlik söhbətimiz olacaq. Həm də çox ciddi.

- Yəqin ki, maddi baxımdan cəlbedici təklifiniz də olacaq. Sizcə, final mərhələsinə düşən ilk komanda kimi tarix yazmağa maddi stimul nə dərəcədə kömək ola bilər?
- Onsuz da oyunçularımız həmişə diqqət və qayğı ilə əhatə olunurlar. AFFA rəhbərliyi onların heç bir müsbət nəticəsini qarşılıqsız qoymayıb. Aydın məsələdir, final mərhələsinə çıxsaq, bu, tarixi nəticə olacaq və nail olan oyunçuların əməyi yüksək qiymətləndiriləcək. Bunu yığma üzvlərimiz yaxşı başa düşdüklərindən, onlara bunu deməyin ehtiyacı yoxdur.

Mehman SÜLEYMANOV
Tümen