Antonio Semedo havadan şikayətləndi
08.04.2012 - 23:06
Antonio Semedo havadan şikayətləndi
“Komandamız xüsusilə birinci hissədə daha yaxşı təsir bağışladı. Bunun nəticəsi olaraq erkən qol vurduq”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun hücumçusu Antonio Semedo deyib.

“Qəbələ” ilə qarşılaşmanın ikinci hissəsində meydana çıxan portuqaliyalı forvard hətta son saniyələrdə əla ötürmə ilə yadda qaldı. Belə ki, Semedo hakimin ikinci hissəyə əlavə etdiyi üçüncü dəqiqədə pressinq tətbiq edərək, topu rəqibdən almağı bacardı və dərhal cərimə meydançasında nəzarətsiz qalan Elnur Abdullayevə ötürmə verdi. Lakin Abdullayev onun hədiyyəsini məntiqi sonluğa çatdıra bilmədi.

O, erkən qol vurmalarının komandanı rahatlaşdırdığını vurğulayıb: “Erkən qol vurmağımız bizi daha da rahatlaşdırdı. İkinci hissədə hesabda geri düşən rəqibin irəli atılacağı təbii idi. Bunu bilirdik. Havanın isti olması da işimizi çətinləşdirdi. Amma düşünürəm ki, qələbəyə layiq idik”.