“Qoy, yığmada hamı azərbaycanlı olsun ki...” - MÜSAHİBƏ
09.04.2012 - 09:20
“Qoy, yığmada hamı azərbaycanlı olsun ki...” - MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının hücumçusu Rəcəb Fərəczadənin apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi

- Rusiya yığması ilə cavab oyununa hazırlıq başa çatdı. Son məşqinizi Tümendə matç keçiriləcək zalda etdiniz. Çətin sınaq öncəsi təəssüratlarınız necədir?
- Yaxşıdır. Əlbəttə, bura qələbə üçün gəlmişik, gəzməyə yox. Meydana çıxıb, öz oyunumuzla qalib gəlməyə çalışacağıq. Bilirik, çox çətin olacaq. Ancaq buna baxmayaraq, sona kimi mübarizə aparacağıq. Fikir verdinizsə, məşqdə də 5 nəfərin 4 nəfərə qarşı oyunu üzərində çox işlədik.

- Elədir və Bakıdakı oyunda bunun effektini vurduğumuz 2 qolla gördük. Bu, o deməkdir ki, Tümendəki matçda qalib gəlməli olduğumuzdan, bundan daha çox istifadə edəcəyik?
- Rəqib fiziki cəhətdən çox güclü komandadır və onlarla başabaş oynamaq çətindir. Məncə, Rusiya yığması bu planda Avropa çempionatının finalında uduzduğu İspaniya millisindən də geri deyil, onları da sıxmışdı. Buna görə də oyunda 5-in 4-ə üstünlükdən istifadə etməyə çalışacağıq.

- Onu da nəzərə alaq ki, bu zaman qapıçı sahə oyunçusu ilə əvəzləndiyindən, “çərçivə” boş qalır ki, bu da risklidir...
- Bunu bilirik. Ancaq bunun nəticəsi ya yaxşı olacaq, ya da pis. Onsuz da bizə qalib gəlmək lazım olduğundan, final mərhələsinə çıxa bilmiriksə, hansı hesabla – 1, yaxud 2 top fərqi ilə uduzmağın nə fərqi var? Əgər 0:3 hesabı ilə uduzsaq, futbolu başa düşən biləcək ki, bizə niyə belə məğlub olmuşuq. Riskə getməli olduğumuzdan, bu nəticə qeydə alına bilər. Bura qələbəyə gəlmişik və bunu qazanmağa çalışacağıq.

- 5-in 4-ə oyun modeli daha çox debütant Kaka üzərində qurulur. Yəni, qapıçını o əvəzləyir və toppaylayıcı olur. Bu, ilk oyunda yaxşı alındı. Kaka 1 qol vurdu, 1 məhsuldar ötürmə etdi. Onun çıxışını necə qiymətləndirərdiniz?
- Düzdür, Kaka ilə yığmada ilk dəfə oynasam da, deməzdim ki, oyun onun üzərində qurulur. Bilirsiniz, orda cürbəcür kombinasiyalar var. Qıraqdan baxan yox, ancaq işin içində olan bunu başa düşə bilər ki, biz nə etmək istəyirik. Orda Serjao, Vitali Borisovun öz kombinasiyası var, dairəvi də fırlanırıq. Sadəcə, kim qapıya yaxın olsun, yaxşı vəziyyətdə oldu, ona ötürmə verilir və o da qapıya zərbə vurur. Məsələn, Bakıdakı oyunda ilk qolumuzu Kaka, ikincini İlkin Hacıyev vurdu. Kimə rahat ötürmə keçdi, o da qapıya zərbə endirir.

- Rəqib səfərdə üstünlük qazandığından, biz də Tümendə belə üstünlüklə qalib gəlməliyik. Sizcə, buna nail olmaq nə dərəcədə realdır?
- 2 top fərqilə qalib gəlməyimiz, lap çətin olacaq. Rusiya yığmasını evdə udmaq özü çətindir, o ki qaldı 2 topla qalib gəlmək. Ancaq biz bura gəzməyə yox, oynamağa, qələbə qazanmağa gəlmişik. Məşqdən sonra oteldə dincəlib, bütün diqqətimizi oyuna yönəltmişik.

- Tümendəki zalda məşq etməklə, örtüyü yoxladınız. Ondan nə dərəcədə razı qaldınız?
- Ümumiyyətlə, biz parketdə çox pis oynayırıq. Öz zalımızda, terafleksdə məşq etdiyimizdən, buna öyrəşmişik. Parketdə isə top sürətlə getdiyindən, buna uyğunlaşan ruslar üçün daha da yaxşıdır. Çünki onlar cəlddirlər, hamısı da qaçandırlar.

- Yəni, bu amil rəqibə əlavə üstünlük verir...
- Əlbəttə. Bəlkə terafleks olsaydı, o sürət olmayacaqdı. Bizdə fiziki cəhətdən bir az zəif oyunçular olduğundan, Bakıdakı oyunda bizə tempi aşağı salmaq lazım idi. Ancaq ruslar buna imkan vermədilər. Temp yüksək olanda, top da tez gedir. Buna görə də bizə bir az pisdir. Ancaq bunların meydançasının örtüyü belədirsə, oynamağa məcbursan. Fərqi nədir ki? Çalışacağıq ki, parketdə də yaxşı oynayaq.

- Qol əsasən hücumçulardan gözlənilir və bu, sizdə məsuliyyəti artırır. Bunadək “Araz”ın heyətində UEFA kubokunda “Barselona”nın, yığmanın heyətində Avropa çempionatının final mərhələsində Portuqaliya kimi güclü rəqibin qapısına yol tapmısınız. Necə hesab edirsiniz, qol vurmaq sizdə yenə alınacaq?
- Nə bilim. Çalışacağam ki, yenə qol vurum. Ancaq onu da nəzərə almaq lazımdır ki, mən indi optimal formada deyiləm. Bundan əvvəl dediyimiz oyunlardan qabaq biz formadan düşdüm, xəstələndim, zədə aldım. Ümumiyyətlə, Rusiya ilə ilk matçda oyunumdan çox narazıyam. Çünki zəif oynadım. İndi bu matçda yaxşı oynayıb, nə gücümüz var, meydanda qoymağa çalışacağıq.

- Məşqdə çox emosional idiniz, komanda yoldaşlarınıza güzəştə getmirdiniz, hətta sərt oynayaraq, xəsarət yetirməkdən çəkinmirdiniz. Bu, nəyin nəticəsidir? Azərbaycanlı oyunçuların yığmada sayının artmağı sizdə ruh yüksəkliyi artırıb?
- Yığmada azərbaycanlı oyunçuların sayının artması çox yaxşıdır. Bu say nə qədər çox olsa, bir qol qədər yaxşıdır. Qoy, elə yığmada bütün oyunçular azərbaycanlı olsun ki, çox oynamaqla, özümüzünkülərin səviyyəsi qalxsın. Çünki legionerlər üçün pis çıxmasın, biz yerlilər meydanda olanda, bayraq, himn üçün sona kimi vuruşuruq. Məşqə gəlincə, bizdə oyundan qabaq hazırlıqda həmişə belə olur. Atmosfer qalxmalıdır ki, oyuna yaxşı köklənək.

Mehman SÜLEYMANOV
Tümen