“Özümü Andrey Tveryankindən zəif saymıram”
09.04.2012 - 10:11
“Özümü Andrey Tveryankindən zəif saymıram”
“Andrey Tveryankin çox təcrübəlidir. Ancaq mən özümü ondan aşağı səviyyədə qapıçı saymıram”. Bu fikirləri apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan futzal yığmasının qapıçısı Elnur Zamanov deyib.

Təcrübəli qapıçı uzun fasilədən sonra millimizin əsas heyətində yer alaraq, Rusiya yığması ilə dünya çempionatının pley-off mərhələsində Bakıdakı matçda yaxşı təsir bağışladı. Ancaq onu da nəzərə almalıyıq ki, yığmamızın əsas qapıçısı Andrey Tveryankin cəzalı olduğundan, ilk oyunu buraxmalı oldu. Bundan sonra onun Tümendəki matça çağırılacağı haqda danışılsa da, bu dəfə zədə probleminə görə dəvət olunmadı.

45 yaşlı rusiyalı həmkarının çıxışını qiymətləndirən Elnur yaş amilinə önəm vermir və özünə güvənir: “Mənim üçün yaş fərqi yoxdur. Bu qədər yaşı olsa da, oynayır da. İki il öncəki Avropa çempionatında çox uğurla çıxış etdi. Andreyin təcrübəsi məndən üstün ola bilər. Ancaq mən özümə güvənirəm və özümü zəif qapıçı saymıram”.

Mehman SÜLEYMANOV, Tümen