“Nə müdafiəçilərin, nə də qapıçının səhvi vardı” - MÜSAHİBƏ
09.04.2012 - 11:06
“Nə müdafiəçilərin, nə də qapıçının səhvi vardı” - MÜSAHİBƏ
“Qəbələ” klubunun futbolçusu Nodar Məmmədovun apasport.az saytına müsahibəsi

- Hesabat turunda “Xəzər Lənkəran”a uduzdunuz. Əsas mərhələdə məğlub etdiyiniz bu komandaya məğlubiyyəti nə ilə izah edərdiniz?
- Bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Bizim üçün vacib oyun idi. Udacağımız halda, xal fərqini azaltmış olacaqdıq. Amma Subaşiçin ustalıqla vurduğu qol hər şeyi həll etdi.

- Qapıda Qrem Smit dayanmışdı. Əksəriyyət buraxılan qolu onun ayağına yazır. Necə düşünürsünüz, burada müdafiənin səhvi yox idi?
- Fikrimcə, nə müdafiəçilərin, nə də qapıçının səhvi vardı. Burda həlledici məqam futbolçunun topu ustalıqla vurması oldu.

- Ümumiyyətlə, həmin oyunda müdafiə xətti olduqca zəif təsir bağışladı. Bunun səbəbi nə idi? Heyətdəki yerdəyişmələrin rolu ola bilərmi?
- Deməzdim ki, yerdəyişmələrə görə zəif oynadıq. Ola bilsin, oyunumuz alınmadı. “İnter”lə, “Bakı” ilə matçlarda da bu cür halla rastlaşdıq. Kimin səhvə yol verdiyini baş məşqçi bilir və deyəcək.

- Avrokuboklara vəsiqə qazanmaq baxımından şanslarınızı necə dəyərləndirirsiniz?
- Şansımız var. Sadəcə, bundan sonrakı bütün oyunlarda ancaq qələbə qazanmalıyıq. Başqa yolumuz yoxdur. İtirəcəyimiz xallar bizi məqsədimizdən uzaqlaşdıracaq.

- Bu oyundan sonra üçüncü yerlə xal fərqi 8-ə yüksəldi. Bunu 5 oyuna aradan qaldıracağınıza inanırsınız?
- 3-4-cü yerlər uğrunda mübarizə aparırıq. Məncə, bu fərqi əritmək mümkündür.