9 nəfərlə qalanlar
09.04.2012 - 15:50
9 nəfərlə qalanlar
Premyer Liqanın XXVII turu AZAL klubunun matçı 9 nəfərlə bitirməsi ilə əlamətdar oldu. Belə ki, paytaxt təmsilçisi “Sumqayıt”la ev oyununu 9 futbolçu ilə başa çatdırdı. Apasport.az saytının məlumatına görə, çempionatın cari mövsümündə 3-cü dəfə hansısa komandanın 2 üzvü eyni görüşdə meydandan qovulur.

İlk belə halla üzləşən “Kəpəz” olub. Gəncə təmsilçisi ötən il sentyabrın 17-də “Simurq”la oyunda 9 nəfərlə qalmışdı. Həmin görüşdə Razvan Tarlea 45, Ceyhun Sultanov isə 74-cü dəqiqədə meydandan qovulmuşdu. “Simurq”lu İlkin Qırtımov isə 65-ci dəqiqədə eyni taleyi yaşamışdı.

Ötən tur – aprelin 1-də baş tutan “Xəzər Lənkəran” - “İnter” oyununda da eyni hadisə yaşandı: meydan sahibləri 1, qonaqlar 2 qırmızı vərəqə aldı. Əziz Quliyev 41, Valeri Abramidze 85-ci dəqiqədə aldığı qırmızılarla qonaqları pis vəziyyətdə qoydusa, Stevan Bates 74-cü dəqiqədə meydanı tərk etdi.

İlk 2 oyunda Elçin Məmmədov 3 qırmızı vərəqəyə əl atmışdısa, bu dəfə Rəhim Həsənov fərqləndi. O, AZAL-ın oyunçuları Viktor İqvekoyini 55, Aqil Nəbiyevi 79-cu dəqiqədə meydandan qovmaqla yanaşı “Sumqayıt”lı Tərlan Quliyevə 74-cü dəqiqədə sərt üzünü göstərdi. Göründüyü kimi heç bir komanda 9 nəfərlə 11 nəfərə qarşı oynamayıb. Hər dəfə 2-cı qırmızıyadək meydanda say tarazlığı yaradılıb.