Serjao: Sanki rusların qapısı tilsimlənmişdi, sözüm yoxdur
09.04.2012 - 23:04
Serjao: Sanki rusların qapısı tilsimlənmişdi, sözüm yoxdur
“Biz dünya çempionatının final mərhələsinə çıxmaq istəyirdik. Bunun üçün sona kimi mübarizə apardıq. Ancaq istədiyimiz alınmadı”. Bu fikirləri apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan futzal yığmasının hücumçusu Serjao deyib. Milliləşdirilən braziliyalı oyunçu dünya çempionatının pley-off mərhələsində Rusiya yığması ilə 2:2 hesabı ilə nəticələnən cavab matçında göstərdiyimiz oyundan razı qalıb: “Mənim komandama afərin olsun. Bakıdakı oyunumuz bir qədər başqa cür idi. Bu gün daha yaxşı təsir bağışladıq. Ancaq dünya çempionatına vəsiqəni qazansaydıq, əhval-ruhiyyəmiz yaxşı olardı. Bu gün aşkar bəxtimiz gətirmədi. Özünüz də gördünüz ki, rəqibin qapısında elə tollar keçmədi ki...Sanki rusların qapısı tilsimlənmişdi. Nə etmək olar, sözümüz yoxdur”.

Serjaonun özü də matç yaxşı mənada yadda qalan oldu. Belə ki, o, uzun fasilədən sonra fərqlənərək, bu il yığmada ilk qolunu vurdu: “Mən həmişə qol vura biləcəyimə inanıram. Sadəcə, hesab edirəm ki, mən qol vuranda, komandamız daha yaxşı oynayır. Mən qol vurmayanda isə komandamız uduzur. Düzdür, bu gün fərqlənsəm də, qalib gəlməyimiz alınmadı. Gələcəkdə də Azərbaycan yığmasında oynayıb, fərqlənmək istərdim”.

Qeyd edək ki, Serjao həm yığmamızın, həm də çıxış etdiyi Ukraynanın “Uraqan” klubunun, bu ölkənin çempionatının bombardirlərindən biridir.

Mehman SÜLEYMANOV, Tümen