Vitali Borisov: Özümə haqq qazandırmıram - MÜSAHİBƏ
09.04.2012 - 23:00
Vitali Borisov: Özümə haqq qazandırmıram - MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının təcrübəli oyunçusu Vitali Borisovun apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi

- Türklər demişkən, keçmiş olsun. Şəxsən siz oyunun sonunda qol epizodunu inanılmaz qaçırmağınızın şokundan ayılmısınız?
- Məndə artıq 4 oyundur gətirmir. Avropa çempionatından bu yana, yəni bu il rəsmi oyunlarda nəsə qol vura bilmirəm. Konkret bu matçdakı qapı tirinin üstündən keçən topa gəlincə, onu qaçırmağıma görə özümə haqq qazandırmıram. Ancaq həmin epizodda topun qapıya düşməyəcəyini gözləmirdik. Top qapıçının ayağından qayıdaraq, sinəmə dəydi və istiqamətini dəyişib, tirin üstündən keçdi. Əlbəttə, bəlkə 10 dəfə top gəlsəydi, 1 metrdən yuxarı qalxmalı deyildi. Sadəcə, bəxtim gətirmədi. Siz demişkən, keçmiş olsun. Bunu hamımıza aid edirəm. Bu dəfə qismət deyilmiş ki, top qapıya getsin.

- Doğrudanmı, bəxt güclünün tərəfində olur?
- Belə deməzdim. Bəlkə də başqa vaxt belə olur. Ancaq bu oyunda çox güclü oynadıq. Biz göstərdik ki, oynamağı bacarırıq. Rusiya yığması elə bilmişdi ki, bizi asan udmağa gələcək. Həmişə müsahibələrində deyirdilər ki, komandamız ağırdır, sürətdə bizi üstələyəcəklər. Ancaq bunun onlarda alınmadığı göründü.

- Yəni belə demək olar ki, ruslar Bakıda 3:2 hesabı ilə qalib gəldiklərindən, Tümendəki cavab matçına arxayın çıxmışdılar?
- Bəli, rəqibdə arxayınlıq vardı. Biz isə sonda vurduğumuz qolla hesabı 3:2 xeyrimizə edib, oyunu əlavə vaxta keçirə bilərdik. Ancaq əlbəttə ki, bəxtimiz gətirmədi.

- İndi özünüzü necə hiss edirsiniz?
- Komandamızda hamı üzgün vəziyyətdədir. Çünki belə oyunla qalib gələ bilmədik. 0:3, 0:4, 1:4 hesabı ilə uduzsaydıq, bəlkə də heç kim belə vəziyyətdə olmazdı. Hamı deyərdi ki, onlar bizdən güclü olduğundan, təmiz qalib gəliblər. Ancaq 2:2 elə hesabdır ki, 1 qol həll olunurdu. Yenə də öz səhvimizdən qol buraxdıq. Əsas da 2-ci qolu deyərdim.

- Ümumiyyətlə, bu gün də şəxsən sizin oyununuz alınmadı. Bir epizodda səhvinizdən sonra rəqibin qol vurmağına çox kobud oyunla imkan verməyərək, sarı vərəqə ilə cəzalandınız. Hətta ruslar həmin epizodda penalti tələb edirdilər...
- Orda penalti yox idi. Çünki rəqibi cərimə meydanımızın kənarında yıxmışdım. Ancaq əlbəttə ki, oyunda elə səhvlər olur. Səhvsiz oyunçu olmur. Əgər meydanda 30 dəqiqə qalırsansa, səhv edə bilirsən. Bu, elə şeydir ki, hamıda ola bilər.

- “Qara zolaq”dan çıxmağınız üçün nə etməyi düşünürsünüz?
- Məşq edib, artırmağımız, öz üzərimizdə çox işləməyimiz lazımdır ki, qol imkanlarını yaxşı dəyərləndirə bilək. Çünki axır vaxtlar nəsə bəxtimiz gətirmir.

- Azarkeşlərimizə nə deyərdiniz?
- Onlara ilk növbədə bizi dəstəklədiklərinə görə çox sağ ol demək istəyirəm. Azarkeşlərimiz bizə böyük dəstək veriblər. Zalda olan həmyerlilərimiz rusiyalı azarkeşlərdən az olsalar da, onların səsini eşidirdik. Çünki onlar rəqibin azarkeşlərindən daha çox qışqırırdılar. Azarkeşlərimizə sevindirə bilmədiyimiz üçün üzgünük. Çalışacağıq ki, növbəti oyunlarda qələbə ilə bunu edək.

Mehman SÜLEYMANOV