“Afərin Azərbaycan yığmasına, çox yaxşı komandadır”
08.04.2012 - 23:10
“Matç əsəbi oldu. Çünki hər 2 komandaya nəticə qazanmaq vacib idi”. Bu fikirləri apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına açıqlamasında Rusiya Mini-Futbol Assosiasiyasının fəxri prezidenti Semyon Andreyev deyib. Dünya çempionatının pley-off mərhələsində cavab matçının həm Rusiya, həm də Azərbaycan yığması üçün vacib olduğunu deyən Andreyev oyunlarından razı qalmayıb: “Biz öz yaxşı oyunumuzu göstərmədik. Mənə elə gəlir ki, rəqib çox yaxşı oynadı və öz yüksək keyfiyyətlərindən istifadə etdi. Bilmirəm, bizim bəxtimiz gətirdi, ya yox. Bunu demək çətindir. Fikrimcə, oyunçumuz Vladislav Şayaxmetovu cərimə meydanında yıxanda, penalti vard, hakim vermədi. Ancaq bu, o demək deyil ki, hakimlikdən narazı qaldıq. Hakimlik normal idi. Penalti vermədisə, vermədi, qol vurmaq lazım idi. Ancaq əlimizə düşə imkanları reallaşdıra bilmədik. Düzdür, sizdə də belə oldu. Ümumiyyətlə, qapıya zərbələr çox oldu, bəzilərində qapıçı komandanı qoldan xilas etdi. Afərin Azərbaycan yığmasına, çox yaxşı komandadı”.
0
0