Joze Alesionun ən böyük səhvi
10.04.2012 - 12:00
Joze Alesionun ən böyük səhvi
Azərbaycan futzal yığması dünya çempionatında çıxışını pley-off mərhələsində dayandırdı. Rusiya ilə cavab matçında 2:2 hesablı heç-heçə komandamız üçün məğlubiyyətə bərabər idi. Bakıdakı yenilginin (2:3) əvəzinin çıxılmamağı üzündən millimizin Tailanda yollanmaq arzusu gözündə qaldı.

Apasport.az saytının müşahidələrinə görə, Rusiya ilə səfər qarşılaşması baş məşqçi Joze Alesio da Silvanın əsas, ən böyük səhvini üzə çıxardı. Ruslarla –Avropanın 2-ci, dünyanın 4-cü komandası ilə hələ ilk oyundan sonra yığmamız tərif dəryasına qərq olmuşdu.

Andrey Tveryankinsiz, Rizvan Fərzəliyevsiz komandamız onların yoxluğunu Bakıda da hiss etdirməmişdi. Tümendə isə millimiz elə oyun göstərdi ki...

Bu, bəlkə də yığmanın tarixində ən yaxşı oyunlardan biri idi. Belə oyunla mundialdan kənarda qalmaq çox üzücüdür. Təbii, belə çıxışda baş məşqçi Joze Alesionun yaxşı komanda formalaşdırmasının böyük rolu var.

Təkcə Azərbaycan deyil, ölkədən kənarda da millimizin oyunu haqda çox xoş sözlər deyiləcək. Lakin nəticə ondan ibarətdir ki, Tailand arzusu gerçəkləşmədi. Bəs niyə?

Səbəb çox sadədir. Yığmamız 2011/12 mövsümü ərzində 2 böyük sınaqdan biabırçılıqla ayrılmışdı. Əvvəl DÇ-2012-nin Bakıdakı seçmə mərhələsində Ukraynadan geri düşdük. Məhz həmin məğlubiyyətə görə yığmamız pley-offda başqa qrupun qalibi ilə qarşılaşıb, uduzdu. Əks halda, qrup ikincilərindən hansı ilə isə asan oyun keçirəcəkdik. Onda da millimiz bəlkə də Tailandda olardı.

Ardınca yığmamız daha bir uğursuzluqla üzləşdi. Avropa çempionatına son qitə birinciliyinin dördüncüsü kimi yollanan komandamız qrupda qaldı. Özü də güclü olmayan Serbiyaya məğlubiyyət nəticəsində. Bununla, komandamız qısa müddətdə 2 fiasko yaşadı.

Həmin uğursuzluqların səbəbi gün kimi aydın idi. Uzun müddətli zədə alan Biro Jadenin yoxluğu komandamızı yarımcan hala salmışdı. Tveryankin, Fərzəliyev və başqalarının olduğu halda da, Jadesiz milli heç nə bacarmırdı. Komandanın dispetçeri, qapıçını əvəzləyib 5-ci sahə oyunçusuna çevrilən braziliyalı milli üçün “hər şey” olsa da, onu yığmamızda əvəz edə bilən yox idi. İki böyük turnir də bunun güdazına getdi.

Rusiya ilə oyunlarda isə Jadenin bütün funksiyalarını yerinə yetirən vardı. Bu, Kaka idi. Qapıçını əvəzləyən də o, dispetçer də o. Deməli, Jadeni də əvəzləyə bilən olarmış. Özü də layiqincə, bəlkə də artıqlaması ilə.

Belədə sual çıxır ki, cənab Joze Alesio niyə DÇ-2012-nin seçmə, Avro-2012-nin final mərhələsində Biro Jadenin yoxluğunu unutdurmayıb? Axı Kakanı Braziliyadan axtarıb tapmağa nə il, nə ay lazım idi. O, neçə ildir Joze Alesionun gözünün qabağında “Neftçi” İSM-dədir. Özü də həmyerlisinin daxili arenada əsas rəqibidir.

Doğrudanmı Kakanı milliləşdirmək, baş məşqçiliklə yanaşı, yığmada oynamaq üçün dilə tutmağa bu qədər vaxt lazım idi? Hər halda, Biro Jadenin oynamayacağı bilinən kimi Kaka məsələsini həll etmək olardı.

Amma Alesio gecikdi. Bununla, səhvə yol verdi ki, həmin səhv DÇ-yə vəsiqə və Avro-2012-də uğursuzluq bahasına başa gəldi.