Qustavo: Azərbaycanlı braziliyalıların təcrübəsi özünü göstərdi
10.04.2012 - 15:15
Qustavo: Azərbaycanlı braziliyalıların təcrübəsi özünü göstərdi
“Təəccüblü olsa da, Azərbaycan yığması ilə ev oyunu Bakıda keçirdiyimiz qarşılaşmadan daha çətin alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya milli komandasının qapıçısı Qustavo deyib.

Milliləşən braziliyalı DÇ-2012-nin pley-off mərhələsinin Azərbaycanla Tümendə keçirilən cavab oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığmasının itiriləsi heç nəyi yox idi. Bu üzdən də var qüvvələrini ortaya qoydular. Əgər qapıçı daha çox komandasını xilas etməli olursa, deməli müdafiə xəttində nəsə qaydasında deyil. Hərçənd oyunun əvvəlində əldə etdiyimiz imkanların bir qismindən yararlansaydıq böyük üstünlük əldə etmiş olardıq. Bizim yığmanın səviyyəsi rəqibin 5 sahə oyunçusu ilə belə rahat oynamasına imkan verməməlidir. Lakin burada azərbaycanlı braziliyalıların təcrübəsi özünü göstərdi”.