BATE çıxsa qarşına...
10.04.2012 - 16:01
BATE çıxsa qarşına...
Gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq komandalardan artıq 20-si müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yalnız Premyer Liqanın qalibinin təmsil edəcəyi yarışa hələlik sonuncu vəsiqəni Zaqreb “Dinamo”su qazanıb ki, bu komanda 2 dəfə təmsilçilərimizi mübarizədən kənarlaşdırıb.

Bu 20 klubdan 4-ü – “Real”, “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə) və “Olimpiakos” (Yunanıstan) artıq indidən özlərini qrup mərhələsində hiss edir. Sonuncular çempionluğu, digərləri isə ilk “üçlük”də yerini təmin etdiyindən ÇL-ə yüksəliblər. Şotlandiya “Seltik”i isə III təsnifat mərhələsində oynayacağını rəsmiləşdirib. Bu 5 komanda ilə oynamaq üçün Azərbaycan çempionu mərhələ və ya mərhələlər keçməlidir.

Amma ilk 2 təsnifat mərhələsinin məlum olan iştirakçıları təmsilçimiz üçün potensial rəqib sayıla bilər. Onlardan ikisi – “Linfild” (Şimali İrlandiya) və “Torshavn” (Farer adaları) ilk təsnifat mərhələsini keçməlidir ki, Azərbaycan çempionu ilə yanaşı, II təsnifat mərhələsində oynasın.

II təsnifat mərhələsinin komandaları da öz növbəsində səbətlərə bölünəcəklər. Artıq onlardan 5-nin səpələnmişlər sırasında olacağı bilinir. Bunlar “Dinamo” (Xorvatiya), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finladniya), “Ventspils” (Latviya) klublarıdır.

Səpələnməmişlər sırasında isə “Flora” (Estoniya), “Şaxtyor” (Qazaxıstan) və “Uliss” (Ermənistan) var. “Ekranas” (Litva), “Şemrok Rovers” (İrlandiya), “Molde” (Norveç), “Hapoel” (Kiryat, İsrail) və “Reykyavik” (İslandiya) komandaları isə hansı səbətdə yer alacaqlarını hələ bilmirlər.

Azərbaycan çempionunun hansı səbətdə yer alacağı dəqiqləşməsə də, böyük ehtimalla, həmin komanda səpələnməmişlərdən olacaq.