“Vobay pis futbolçu deyil, amma...”
11.04.2012 - 16:00
“Vobay pis futbolçu deyil, amma...”
“Mən baş məşqçi postuna keçəndən sonra Julius Vobayı görməmişəm. Bu səbəbdən də onun indidən komandamızda oynamaq perspektivi haqda bir söz deyə bilmərəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Cənub təmsilçisinin ötən qış transfer etdiyi Julius Vobay bu il hələlik rəsmi oyun keçirməyib. Hazırda vətəni Syerra-Leonedə olan futbolçu müqavilə ilə bu ilin sonuna kimi “ağ-yaşıllar”a məxsusdur.

Hüseynov Vobayı görməmiş onun haqda qərar verə bilməyəcəyini deyib: “Qayıtsın, görüm hansı formadadır, bundan sonra nə vaxt oynamağını müəyyənləşdirim. Mən onun oyununu əvvəl görmüşəm. Onu deyim ki, pis futbolçu deyil, amma xeyli vaxtdır oyun praktikası sarıdan korluq çəkir. Buna görə çətin ki, mövsümün bu qızğın vaxtında bizə kömək etsin. Buna inanmıram”.

“Xəzər Lənkəran” Premyer Liqanın XXVII turu çərçivəsində “Bakı” ilə aprelin 14-də səfər oyununda kapitan Rahid Əmirquliyevin xidmətindən istifadə edə bilməyəcək. Bu da yarımmüdafiəçinin cəzalı duruma düşməyi ilə bağlıdır.

Onu digər gənc yarımmüdafiəçi, son vaxtlar daha çox əsas heyətdən kənarda qalan digər gənc yarımmüdafiəçi Elnur Abdullayevin əvəzləyəcəyi gözlənilir. Ancaq Hüseynov bu haqda konkret açıqlama verməyə tələsmədi: “İnşallah, görək də. Zədəli futbolçumuz yoxdur. Heyətlə bağlı yeganə problem Əmirquliyevin yoxluğudur. Onu kimin əvəzləyəcəyini özlüyümdə müəyyənləşdirmişəm”.

Mehman SÜLEYMANOV