“Ağ-qaralar”ın fərqi: “Beşiktaş” müraciət edir, “Neftçi” susur
11.04.2012 - 15:45
“Ağ-qaralar”ın fərqi: “Beşiktaş” müraciət edir, “Neftçi” susur
UEFA Türkiyənin “Beşiktaş” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumun Nizam-İntizam Komitəsi “ağ-qaralar”ın azarkeşlərinin hərəkətlərinə biganə qalmayıb.

Avroliqanın Portuqaliya “Braqa”sı və İspaniya “Atletiko”su ilə İstanbuldakı oyunlarında fanatların yandırdığı pirotexniki əşyalar “Beşiktaş”a baha başa gəlib. Sonuncu qarşılaşmada azarkeşlərin də meydana girdiyini nəzərə alan UEFA istanbulluları ümumilikdə 38 min avroluq cəriməyə məruz qoyub.

Klub rəhbərliyi azarkeşlərinə müraciət edərək, komandanı bir daha ziyana salmamağa çağırıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən “ağ-qaralar”, yəni “Neftçi” də bir neçə oyunda azarkeşlərinin eyni hərəkətlərinə görə cərimə olunub. Lakin AFFA tərəfindən kəsilən cərimələr klub rəhbərliyinin azarkeşlərə rəsmi müraciətinə əsas verməyib.