“Sizə maaş verilməsə, müsahibə götürərsiniz?” - MÜSAHİBƏ
11.04.2012 - 23:01
“Sizə maaş verilməsə, müsahibə götürərsiniz?” - MÜSAHİBƏ
“Turan” klubunun müdafiəçisi Muammer Ərdoğdunun apasport.az saytına müsahibəsi

- Son 2 oyunda meydana çıxmamağınız nə ilə bağlıdır?
- Məşqlərin birində “Kaleondoskop”um burxulmuşdu. Bu səbəbdən meydana çıxa bilmədim. Müalicə olunurdum, indi hər şey qaydasındadır.

- Türkiyəyə səfəriniz nə ilə bağlı idi?
- Müalicəmi burda, həm də Türkiyədə həyata keçirdim. Orada yenidən həkim nəzarətindən keçdim. Məlum oldu ki, sümüyümə su yığılıb. Bu da uzun çəkən prosesdir. Yəni, bu maye ətdə olsaydı, tez sağalacaqdı. Lakin sümükdə olduğu üçün gec sağala bilər. İndi məşqlərə çıxacam. Görək, ağrılar olacaqmı.

- Burda olmadığınız müddətdə “Turan” müsbət nəticələr qazandı. Ümumiyyətlə, komandanız “altılıq” oyunlarında ən yaxşı nəticə göstərən klubdur. Bunu gözləyirdinizmi?
- Birinci dövrədə komandada maliyyə problemi var idi. Hətta qış fasiləsində komanda dağılmaq təhlükəsi ilə də üzləşdi. Lakin son anda hər şey “Turan” üçün müsbət sonuclandı. Maliyyə problemi həll edildi, maaşlar verilməyə başladı, qışda xeyli yeni futbolçular gəldi. Uşaqlar da artıq oynayırlar. Kollektiv olaraq, “Turan”ı bu vəziyyətdən birgə çıxaracağıq. “Simurq”la oyundan çox şey asılıdır. Onları məğlub etsək, vəziyyətimiz xeyli yaxşılaşacaq. Onda “Turan”ı bu vəziyyətdən çıxmış hesab etmək olar.

- Amma “Simurq” asan ram ediləcək komanda deyil...
- Onlarla doğma meydanda oynayacağıq. Tovuzda istənilən komandaya qarşı mübarizə apara bilirik. Azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağıq.

- Bayaq dediniz ki, qışda yeni oyunçular gəldi. Onlar komandanı gücləndirə biliblər?
- Gələnlər arasında məndən başqa, Dan Pisla, Xəyal Qarayev, Asəf Qədiri, Cavad Mirzəyev də var. Ən əsası sponsor məsələsi həll edildi. Maliyyə sabitləşdi. Maaşımızı vaxtında alırıq. Ona görə də futbol oynayırıq.

- Belə çıxır ki, bu gün futbolçular üçün maliyyə hər şeydən vacibdir?
- Hər bir sahədə maliyyə vacibdir. Maaşlar verilməyəndə futbolçular da həvəssiz oynayırlar. Belə deyək də, sizə maaş verilməsə, müsahibə götürərsiniz? Futbolçu da zəhmətinin qarşılığını istəyir.

- Gələn ay müqaviləniz başa çatır. Yeni mövsümlə bağlı planlarınız necədir?
- Güclü klubların birindən təklif alsam, dəyərləndirəcəm. Olmasa, “Turan”da qalacam. Bura mənə doğmadır. Çətin günlərində komandanın yanında olmuşam. İndi real heç nə yoxdur.