3 milli komandamızda oynayan futbolçu danışdı – MÜSAHİBƏ
12.04.2012 - 09:20
3 milli komandamızda oynayan futbolçu danışdı – MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının üzvü Zeynal Zeynalovun apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına müsahibəsi

- Ruslarla Bakıdakı matçda meydana çıxsanız da, Tümendəki qarşılaşmada sonadək ehtiyatda qaldınız. Bu, zədə ilə bağlıdır?
- Yox. Baş məşqçinin fikri belə oldu. İnşallah, gələcəkdə formamı yığıb, komandaya kömək etməyə çalışacağam.

- Futzal karyeranızda böyük yer tutub. Belə demək olar ki, bu idman növünə qayıtmağa qərar vermisiz?
- Bəli. Yenidən futzala qayıdıram.

- Oyunçu üçün klub karyerası vacibdir ki, hələlik komandasız qalmısız. Hansı kluba keçmək fikrindəsiniz?
- Hələ dəqiq bilmərəm. Allahın köməyi ilə yaxında bilinər.

- Həmin klub “Araz” olacaq?
- Yəqin ki.

- İlkin razılıq olub?
- Hələlik yox. Ancaq yaxında olmalıdır.

- Futzala qayıdanadək bir neçə il çimərlik futbolunda da oynadınız, yığmanın şərəfini qoruduğunuz. Çimərlik futbolu ilə artıq vidalaşdınız?
- Vidalaşmaq deyəndə ki, axırıncı dəfə elə bu yığmanın heyətində olmuşam. Sankt-Peterburqda keçirilən beynəlxalq turnirdə qalib olduq. Amma fikrim futzaldadır.

- Çimərlik futbolunun nəyi sizi qane etmədi ki, orada çıxışınızı başa vurursunuz?
- Özünüz də bilirsiniz ki, mən nə qədər futbolsuz qaldım. Buna görə də çimərlik futbolundan təklif gələndə, məmnuniyyətlə qəbul elədim. Milliyə də kömək etdim. Qane eləyib-eləməyib – belə bir şey yoxdur.

- Bəlkə problem çimərlik futbolunda çempionatın olmamağıdır?
- Yox. Çimərlik futbolu mövsümlə oynanılır. Neçə ay oynayırsan, sonra – qış vaxtlarında futbol olmur. Futzalı isə ilboyu oynayırsan. Buna görə də futzal mənim üçün çimərlik futbolundan üstündür.

- Bəs futbol klublarından təklif gəlib?
- Yox.

- Doğrudanmı, milli komandanın da şərəfini qorumuş Zeynal Zeynalov futbol klublarına lazım deyil?
- Lazım deyil deyəndə ki, burda bəzi nüanslar var. Buna görə də futboldan kənarda qaldıq.

- Nə idi həmin nüanslar?
- Deməsəm, daha yaxşı olar.

- Berti Foqtsun etimadını qazanıb, milliyə cəlb olunmuşdunuz...
- Yığmada oynayan-oynaya özümə klub tapa bilmirdim. Mənim üçün ən təəccüblüsü də bu idi.

- Bu, anormallıqdır?
- Yəqin ki.

- Hər halda, bunun izahı da olmalıdır...
- Şəxsən bunun səbəbini mən də bilmirəm.

- Sizin futbol, futzal və çimərlik futbolu yığmasında oynamağınız bəlkə də dünyada nadir hadisədir. Bunlar birmənalı qəbul olunmayaraq, çoxlu müzakirələrə səbəb oldu. Bunu necə qəbul edirdiniz?
- Normal. Biz futbolçuyuq, peşəkar idmanla məşğuluq. Tənqid də olur, tərif də. Buna görə haqqımda deyilənləri, yazılanları normal qəbul edirdim.

- Düşünürdünüz ki, hər 3 yığmada işinizin öhdəsindən gəlirdiniz? Hər halda, fərqlər var...
- Bəli. Hər birinin özəllikləri var. Öhdəsindən gəlib-gəlmədiyimi siz jurnalistlər, oyunuma baxanlar deyə bilər. Özüm-özümə deyə bilmərəm ki, hə, hər üçünün öhdəsindən gəldim. Bacardığım qədər komandaya kömək etməyə çalışırdım.

- İstənilən halda, 3 müxtəlif yığmada oynamış ilk və hələlik yeganə futbolçu kimi tarixə düşdünüz...
- Nə bilim? Elə jurnalistlər var ki, niyə ora-bura getdiyimi, müxtəlif yığmalarda oynadığımı tənqid edirlər. Mən də çalışdım ki, hər dəfə millidə ölkəmizi layiqincə təmsil edim.

- Özünüzü harda daha rahat hiss edirdiniz?
- Sözün açığı, böyük futbolda. Orda daim oynayırdım. Futzala qayıtmışam, hazırda mənə çətindir. Hələlik uyğunlaşa bilmirəm. Çimərlik futbolunda da mənə rahat idi, orda da istədiyim oyunu göstərə bilirdim.

- Foqts bir ara sizi daim yığmaya çağırdı. Onunla klub tapa bilməməklə bağlı söhbətiniz olub? Almaniyalı mütəxəssis nə tövsiyə edirdi?
- Foqtsla belə söhbətlərim olub. O, da təəccüblənirdi ki, milli komandanın futbolçusu necə klubsuz qala bilər. Mənə bu haqda sual verəndə, deyirdim ki, bilmirəm. Bir ara klubsuz qalanda, məni çağırdı, “Standard”a getdim. Bunda Foqtsun hardasa köməyi oldu.

- Ancaq sonradan Foqts sizə güvənmədi...
- Onu da başa düşmək olar. Klubsuz futbolçunu yığmaya 1-2 dəfə çağırmaq olar.

- Hazırda 32 yaşınız var. Karyeranızı bitirmək haqda nə düşünürsünüz?
- Yox. Hələlik futzaldayam. Yəqin karyeramı elə futzalda da başa vuraram.

Mehman SÜLEYMANOV