“Borc ödənilibsə, 6 xalı niyə əlimizdən alırlar?”
12.04.2012 - 14:59
“Borc ödənilibsə, 6 xalı niyə əlimizdən alırlar?”
“Komandamızın hesabından 6 xalın silinəcəyi barədə xəbəri eşitmişəm. Belə bir qərar çıxarılsa, bizim üçün çox pis olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Cənub təmsilçisinin 2008/09 mövsümündə transfer etdiyi braziliyalı yarımmüdafiəçi Romulo Silvano FİFA-ya etdiyi şikayət mənfi nəticəsini verə bilər. Belə ki, ali futbol qurumu “ağ-yaşıllar”ın hesabından 6 xalın silinməsini tövsiyə edib.

Bunun reallaşması ilə çempionluq şansını itirəcək “Xəzər Lənkəran” 4-cü pilləyə düşərək, lider “Neftçi”dən 12 xal geri qalacaq. Üstəlik, Lənkəran təmsilçisi avrokuboklardan da kənarda qala bilər.

Elə Hüseynov da bunun üçün mükafatçılar sırasına düşməyi vacib sayır: “Həmin futbolçunun məsələsi ilə maraqlanmışam. FİFA-ya şikayət etdikdən sonra Romulonun borcu ödənilib. Elə isə niyə 6 xalı silirlər? Məncə, bu, düz alınmaz. Nə isə, Allah bilən məsləhətdir. Ümid edirəm ki, bizim üçün müsbət qərar çıxarılacaq. Əgər mənfi qərar çıxarılacaqsa, bunu qəbul etməyə məcburuq. Ancaq onu indidən sizə deyim ki, bu, futbolçulara çox pis təsir edib”.

Final mərhələsində “Xəzər Lənkəran”ın “sükanı arxası”na keçən 47 yaşlı çalışdırıcı komandada psixoloji durumun pis olacağını söyləyib: “Bunu aradan qaldırmaq üçün bacardığımı edəcəm. Yenə oyunlara ciddi hazırlaşıb, qələbə qazanmağa çalışacağıq. Təbii ki, kubokdan mübarizəni dayandırdığımızdan, avrokuboklara çıxmaq üçün mütləq mükafatçılar sırasına düşməliyik”.

Mehman SÜLEYMANOV