Vur 8, çıx 6
12.04.2012 - 16:34
Vur 8, çıx 6
Ali futbol qurumu FİFA-nın “Xəzər Lənkəran” klubunun hesabından 6 xal silinməsi ilə bağlı AFFA-ya tövsiyəsi təkcə günün deyil, həftənin hadisəsinə çevrildi. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçusu Romulo Silvano ilə problem yaşayan cənublular elə cənubi amerikalının üzündən bəlaya düşə bilər.

Artıq çoxlarının unutduğu, ümumiyyətlə tanımadığı bu futbolçunun kimliyi isə yenə maraq doğurur. Görəsən, “Xəzər Lənkəran”a şok yaşadan bu oğlan kimdi?

2008-ci ilin yayında transfer olunan Romulo “ağ-yaşıllar”da cəmi 1 il duruş gətirdi. Yayda Ağasəlim Mircavadovun rəhbərlik etdiyi komandaya gələn futbolçu az keçməmiş Mircavadovun istefaya göndərilməsindən sonra Rasim Karanın rəhbərliyi altında da oynamışdı.

I dövrə başa çatmamış türkiyəli də postundan qovulduğu üçün Silvano növbəti yarım ili İqor Ponomaryovla çalışdı. Ponomaryov komandanı tərk etməmiş 6 futbolçunu heyətdən qovmuşdu ki, 2009-cu il mayın 18-də açıqlanan həmin “qara siyahı”da Romulo da vardı.

2008/09 mövsümündə “Xəzər Lənkəran”ın heyətində 25 oyun keçirən legioner Premyer Liqada 22, Azərbaycan kubokunda 3 qarşılaşmaya çıxmışdı. Bu görüşlərdə 8 dəfə fərqlənən hücumçu bütün qollarını çempionatda vurmuşdu. İndi isə onun vurduğu 8 qolun qarşılığı mənfi 6 xalla çıxılır.

Karyerasına baxarkən, 36 yaşlı braziliyalının əsasən vətənində oynadığı bəlli olur. Fortalezada doğulan futbolçu əvvəl “Çeara”, “Ferroviario”, “Nautiko”, “Sport”, “Atletiko Qoyanse”, Portuqaliyada “Eştrela”, “Nasional”, Qətərdə “Əl Vəkrə” komandalarında forma geyinən Romulo “Xəzər Lənkəran”a “Fortaleza”dan gəlmişdi.

2008/09 mövsümünü “Xəzər Lənkəran”da keçirdikdən sonra da vətəninə qayıdıb. 2009-10-cu illərdə “Çeara”da çıxış edən hücumçu 2011-ci ildən “Ferroviario”da top qovur.