Höccət Hacıyev: AFFA vasitəçi kimi müəyyən güzəştə nail ola bilər
12.04.2012 - 16:32
Höccət Hacıyev: AFFA vasitəçi kimi müəyyən güzəştə nail ola bilər
“Romulo Silvanonun məsələsi ilə bağlı AFFA-ya rəsmi müraciət etmişik. Ümid edirik ki, komandamızın 6 xalını silinməyəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın direktoru Höccət Hacıyev deyib.

2008/09 mövsümündə cənub təmsilçisində oynayan braziliyalı futbolçu Romulo Silvanonun FİFA-ya etdiyi şikayət böyük müzakirəyə səbəb olub.

Hacıyev AFFA-ya göndərdikləri məktubda Romulonun borc məsələsini aydınlaşdırdıqlarını bildirib: “Orada göstərmişik ki, futbolçuya bütün borc ödənilib. Onun qaldırdığı maliyyə iddiasını yerinə yetirmişik. Sadəcə, faiz söhbəti var ki, bunu əsas tutaraq, 6 xalın silinməyi tələb olunur. Vəziyyətin niyə bu həddə gəldiyini bilmirəm. Bilsəydim, sizə izahını verərdim”.

“Xəzər Lənkəran” rəsmisi AFFA ilə mütəmadi əlaqədə olduqlarını, ancaq qərarı FİFA-nın verəcəyini söyləyib: “Biz AFFA-nın rəhbərliyi, baş katib Elxan Məmmədovla mütəmadi əlaqə saxlayırıq. Məsələ ilə bağlı qərarı FİFA verir. AFFA yalnız vasitəçi kimi müəyyən güzəştə nail ola bilər. Biz də bunun reallaşmağına çalışırıq. Əgər futbolçuya borc məsələsi varsa, klubu cərimələyin. 6 xalın silinməyini düzgün saymıram. Heç kim bunun tərəfdarı olmaz. Çünki həmin xallar böyük əziyyətlə qazanılıb. Bu, xırda məsələ deyil”.

Hacıyev yekun qərarın dəqiq vaxtı ilə bağlı məlumatsızdır: “Bu gün-sabaha bilinməlidir. Əgər qərar çıxarılarsa, bizim üçün çətin olacaq. Onda avrokuboklara çıxmaq vəzifəsi komandanın çıxışından asılı olacaq”.

Mehman SÜLEYMANOV