“Uduzmağa haqqımız yoxdur”
12.04.2012 - 16:52
“Uduzmağa haqqımız yoxdur”
“3 ildən çoxdur “Qarabağ”dayam. Amma bu müddətdə cəmi 1 dəfə “Qəbələ”ni məğlub edə bilmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Admir Teli deyib.

Albaniyalı müdafiəçi Premyer Liqanın XXVIII turunun “Qəbələ” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb. İddialı danışan legioner bu rəqiblə oyunlardakı sindromu qırmaq niyyətlərini açıqlayıb: “O da ötən mövsüm Suraxanıda olub - 3:0. Deyərdim ki, bəlkə Azərbaycan çempionatında “Qəbələ”dən güclü olanlar var. Amma bizə görə ən çətin “Qəbələ”dir. Futbolda belə şeylər olur. Oyuna yaxşı hazırlaşmışıq. İnanıram ki, “Qəbələ”ylə oyunda sərfəli nəticə qazana biləcəyik. Amma bu məqamda “Qəbələ”ni digər rəqiblərdən fərqləndirmirik.

Final mərhələsində hər qələbə 3 xaldan daha dəyərlidir. “Qəbələ” son oyunlarda uduzduğuna görə meydana aqressiv çıxacaq. Hər halda avrokuboklara az da olsa ümidləri var. Amma bizim də uduzmağa haqqımız yoxdur. Düzdür, futbolda hər şey olur. 4-5 aydı məğlub olmuruq. Qəbələdə qələbə qazanıb həm uğursuzluğa son qoymaq, həm də iddiamızı qorumaq istəyirik”.