“Xəzər Lənkəran”ın belə vəziyyətlə üzləşməsi arzuolunmazdır”
12.04.2012 - 23:05
“Xəzər Lənkəran”ın belə vəziyyətlə üzləşməsi arzuolunmazdır”
“Xəzər Lənkəran”ın düşdüyü durumu şərh etməyim düzgün çıxmaz. Hər halda, bu, həm başqa kluba aid məsələdir, həm də hələ yekun qərar çıxarılmadığından, danışmaq erkəndir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu Romulo Silvanoya borclu olduğu üçün FİFA-dan 6 xalın silinməyi turnir cədvəlində vəziyyəti xeyli dəyişdirəcək. Bu halda, 4-cü pilləyə düşəcək cənub klubu ən yaxın izləyicisi “Qəbələ”ni 3 xal qabaqlayacaq.

Kavlakın fikrincə, hələ bu haqda danışmaq tezdir: “Yekun qərar çıxarılmadan qəti fikir bildirmək düzgün olmazdı. Bizim üçün elə də fərq etmir. Çünki ilk növbədə öz oyunumuzu düşünürük. “Xəzər Lənkəran”la mövsümün sonuna yaxın görüşəcəyik. Növbəti turda “Qarabağ”ı qəbul edirik. Həmin oyunda qalib gəlmək haqda düşünürük. Onda bu komanda ilə xal fərqini 3-ə endirəcəyik.

“Xəzər Lənkəran”la oyunumuzadək vəziyyətin necə olacağı bəlli deyil. Ancaq təbii ki, Lənkəran klubunda belə vəziyyətlə üzləşməyi arzuolunmazdır. Burada futbolçular böyük əmək sərf edib və 6 xalın silinməyi komanda üçün yaxşı hal deyil”.

Qeyd edək ki, “Xəzər Lənkəran” ötən turda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələrək, turnir cədvəlində 2-ci pilləyə yüksəldi.

Mehman SÜLEYMANOV