Georgi Nikolov: ...AFFA-nı da cəza gözləyir
12.04.2012 - 23:01
Georgi Nikolov: ...AFFA-nı da cəza gözləyir
“Düzünü deyim ki, məsələnin təfərrüatından ətraflı xəbərim yoxdur. Lakin əvvəllər oxşar problemlə mən də üzləşmişəm. Bilirəm ki, bu prosedur uzun məsələdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

FİFA-nın “Xəzər Lənkəran”ı 6 xal cəzalandırmaqla bağlı tələbinə münasibət bildirən Nikolov belə vəziyyətin ona tanış olduğunu açıqlayıb: “Məsələ FİFA-nın İntizam Komitəsində həll olunur. Klubun qarşısına şərt qoyulur ki, borcunu ödəsin. Əks halda, onun hesabından 6 deyil, daha az xal çıxılır. Borc ödənmədikcə, bu cərimə xalı artır. Sonluq isə hətta klubun aşağı dəstəyə göndərilməsi ilə nəticələnir. Düzdür, qərarı AFFA verməlidir. Lakin kluba cəza tətbiq etməyəcəyi halda, assosiasiyanın özünü də cəza gözləyir”.

Nikolov FİFA-nın heç də həmişə ədalətli qərar çıxarmadığını, daim, hətta haqlı olmadıqda belə futbolçuların tərəfində durduğunu bildirib: “Xəzər Lənkəran” üçün çox üzülürəm. Bir məsələni unutmaq lazım deyil ki, heç də həmişə futbolçular haqlı olmurlar. Klubların da haqlı olduğu məsələlər olur. Lakin FİFA həmişə futbolçuların tərəfini saxlayır. Əslində, futbolda ədalət olmalıdır. Bu da onunla bağlıdır ki, klublar futbolçularla bağlı sənədləri ilə haqlı olduğunu sübut edə bilmirlər. FİFA da futbolçuların tərəfində durur”.