FİFA Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran”ı haqlı çıxardı
13.04.2012 - 16:07
FİFA Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran”ı haqlı çıxardı
“Xəzər Lənkəran”ın syerra-leoneli futbolçusu Julius Vobay komandanın düşərgəsinə qayıdıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi qış fasiləsi zamanı vətəninə yollanmış və bundan sonra komandanın toplanışına qayıtmamışdı. Ardından futbolçunun Misir çempionatında çıxış edən “Əl Məsri” klubunda baxışda olduğu haqqında xəbər yayılmışdı.

“Xəzər Lənkəran” bu məsələ ilə əlaqədar dərhal sözügedən kluba məktub və FİFA-ya müvafiq şikayət ünvanlamışdı ki, bu da öz nəticəsini verib. Vobayla “Xəzər Lənkəran” arasında imzalanmış və 2012-ci il dekabrın 31-dək müddətinə qədər qüvvədə olan müqavilənin ingilis dilinə tərcümə olunmuş nüsxəsi də “Əl Məsri” və ali futbol qurumuna göndərildi.

FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Juliusun “Xəzər Lənkəran”ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqləyib. Eyni zamanda, Misir çempionatında baş vermiş məlum iğtişaşlar səbəbindən “Əl Məsri” klubu yerli futbol federasiyası tərəfindən ciddi sanksiyalara məruz qalıb. Bütün bunlardan sonra Vobay komandanın düşərgəsinə qayıdıb. Yaxın günlərdə futbolçu məşq prosesinə qoşulacaq.

Mənbə: lankaranfc.az