Son 2 ayın rekordu “Xəzər Lənkəran”la
14.04.2012 - 14:12
Son 2 ayın rekordu “Xəzər Lənkəran”la
Premyer Liqada fevralda keçirilən 12 oyunu 13100 azarkeş canlı izləyib. Apasport.az saytının məlumatına görə, “Simurq” cəzalı olduğundan, 2 ay öncə ərzində Zaqatalada keçirdiyi hər iki matçını boş tribunalar önündə oynayıb. Fevralda ən çox azarkeş isə XX turda “Xəzər Lənkəran”ın doğma meydanda AZAL-ı 1:0 hesabla məğlub etdiyi oyunda qeydə alınıb – 6500 nəfər. Ən az azarkeş də “təyyarəçilər”in matçında qeydə alınıb. Bu, XXI turun AZAL – “Turan” oyununda müşahidə olunub – 200 nəfər.

Ümumilikdə XX turda 8600, XXI turda isə 4500 azarkeş stadionlara gəlib. Nəticədə Premyer Liqada fevralda hər oyununu orta hesabla 1091 azarkeş canlı izləyib.
Martda isə çempionatımızda 5 tur keçirilib ki, bunlardan biri də təxirə salınmış XIX tur olub. Bundan əlavə XXII, XXIII, XXIV və XXV turların matçları da ötən aya təsadüf edib. Beş turda 30 görüşü 59600 azarkeş stadiondan izləyib. Ötən ayın ən çox azarkeş toplayan matçı XXIV turun “Xəzər Lənkəran” - “Bakı” oyununda qeydə alınıb – 9000 nəfər. XXIII turun “Sumqayıt” - “Rəvan” oyununu tribunalardan cəmi 100 azarkeş izləyib.

Martda doğma azarkeşləri tərəfindən ən böyük dəstəyi “Kəpəz” alıb. Belə ki, bu ayda Gəncə təmsilçisinin ev oyunlarını 15000 tamaşaçı izləyib.

Qeyd edək ki, XIX turda 11 100, XXII turda 13 800, XXIII turda 5 700, XXIV turda 18 700, XXV turda isə 10 300 azarkeş stadionlara gəlib. Ümumilikdə, Premyer Liqada martda hər matçı orta hesabla 1986 azarkeş canlı izləyib.