Ruslan Abışov: “Xəzər Lənkəran” da bizimdir
14.04.2012 - 23:04
Ruslan Abışov: “Xəzər Lənkəran” da bizimdir
“Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- “İnter” üzərində qazanılan 2:1 hesablı qələbə barədə fikrinizi bilmək maraqlı olardı...
- Bu komandayla görüşlərimiz hər zaman çətin keçir. Onlar da çempionluq uğrunda mübarizə aparırlar. Yeganə məqsədimiz qələbə qazanmaq idi. Qazandığımız 3 xal bizi çempionluğa bir addım da yaxınlaşdırdı.

- Avtoqola imza atdıqdan sonra oyuna köklənə bildinizmi?
- Bu, istəməyərəkdən oldu. Hər şey bir anda baş verdi. Top mənə dəyib, istiqamətini dəyişdi. Əsas qələbə idi ki, onu da əldə etdik.

- Əsas mərhələdə “İnter” sizin üçün arzuolunmaz rəqib idi. Amma final mərhələsinin hər iki oyununda qələbə qazandınız. Bu nə ilə bağlıdır? Deyəsən, Nikolovun atmacası hələ də yadınızdan çıxmayıb...
- Komandamız çempionluğu istəyir. Əlbəttə, Nikolovun da sözləri bizi bir qədər stimullaşdırdı. Uşaqlar da çox istəkli idilər. Həm də çempionluq uğrunda mübarizə aparırıqsa, bütün rəqiblərimizdən güclü olmalıyıq.

- Yəqin ki, bu gün qeydə alınan nəticələr komanda olaraq sizi məmnun etdi.
- Əslində, “Xəzər Lənkəran”ın məğlub olacağını gözləmirdik. Ancaq indiki məqamda onları başa düşmək olar. Futbolçu kimi, bunu heç kimə arzulamazdım. FİFA-nın qərarıdır, nə etmək olar? “Qarabağ”a gəldikdə, onların yeniləcəyi gözlənilən idi. Çünki “Qəbələ” yaxşı oyun nümayiş etdirir.

- “Xəzər Lənkəran”la bağlı qərar komandada hansı əhval-ruhiyyə yaratdı?
- Öz adımdan danışa bilərəm. Çox pis oldum. “Xəzər Lənkəran” da bizimdir, o xalları bizim qardaşlarımız qazanıb. Əziyyət çəkiblər. “Bakı” ilə oyunun birinci hissəsinə baxdım, onlara çox pis təsir edib. Uşaqlarda psixoloji gərginlik var idi.

- Bu, Premyer Liqa tarixində ilk belə haldır. Belə məqamda futbolçuları oyuna kökləmək mümkündürmü?
- Hiss olunur ki, onlar oyuna köklənə bilməyiblər. Bu da cəzadan doğan vəziyyətdir.

- Artıq ən yaxın izləyicinizdən 10 xal qabaqdasınız...
- Çempionluq haqda danışmaq hələ tezdir. Qarşıdakı 4 oyundan birində mütləq qələbə qazanmalıyıq. Bundan sonra nəsə demək olar. İndiki məqamda arxayınlaşmağa əsas yoxdur.

- Ölkə kubokunun yarımfinalında “İnter”lə qarşılaşacaqsınız. “Neftçi”nin rəqibini əzbərlədiyini söyləmək mümkündürmü?
- “İnter”lə oyunlarımız çətin keçir. Kubok oyunları bunu bir daha sübut edəcək. Ən böyük arzum “qızıl dubl” etməkdir.

- Çempionluqdan əlini üzən “İnter”in gücünü kubok oyununa saxladığı iddia edilir. Bu haqda nə deyə bilərsiniz?
- Belə düşünmürəm. “İnter” hər zaman çempionluq uğrunda mübarizə aparan klublardandır. Onlar da iddialıdırlar. Hər iki oyun çətin olacaq.