Elnur Allahverdiyev: Nə futbolçuların günahı var, nə də məşqçilərin - MÜSAHİBƏ
16.04.2012 - 13:49
Elnur Allahverdiyev: Nə futbolçuların günahı var, nə də məşqçilərin - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XXVIII turunun “Bakı” ilə oyununda 1:4 hesabı ilə uduzdunuz. Bu matç haqda nə fikirləşirsiniz?
- Matçın çətin olacağını bilirdik. Biz çempionluğa oynayan komandayıq. Amma oyun öncəsi hesabımızdan 6 xalın silinməsi komandaya çox pis təsir etmişdi. Futbolçuların əhval-ruhiyyəsi dəyişdi ki, bu da meydanda özünü göstərdi. Bu məğlubiyyətdə nə futbolçuların, nə də məşqçilərin günahı var.

- Bütün hallarda, darmadağınla üzləşdiniz...
- Əlbəttə ki, məğlubiyyətin 1:4 hesablı olması, daha pisdir. Şəxsən mənə çox ağırdır. Düşünürəm ki, komanda yoldaşlarıma da pis təsir edib. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq.

- Matçın hakimliyi haqda nə düşünürsünüz?
- 1-2 şübhəli epizod oldu. Amma hakimlikdir də... Məgər qol vurduq qolumuzu saymadılar? Lakin 1 penaltimizi vermədilər. Antonio Semedoya qarşı qayda pozuntusu olanda. Həmin epizodda hətta mən də hakimliyə əsəbiləşdim.

- Uğursuzluğu psixoloji durumla izah etdiniz. Bundan çıxış yolunu nədə görürsünüz?
- Peşəkar futbolçularıq. Qarşıdakı oyunları düşünməliyik. Özü də “Neftçi” ilə qarşılaşacağıq.

- Yeri gəlmişkən, həftəsonu keçiriləcək “Böyük oyun” haqda nə düşünürsünüz?
- Bildiyiniz kimi, təsnifat mərhələsində Bakıda 0:5 hesabı ilə uduzmuşduq. Mən həmin məğlubiyyəti unutmamışam. Bunun əvəzini çıxmalıyıq. Düşünürəm ki, komandamızın hər bir futbolçusu bunu yaxşı dərk edir.

- İndiki psixoloji vəziyyətdə “Neftçi”ni məğlub etmək mümkün olacaq?
- Hamı bilir ki, baş məşqçimiz Yunis Hüseynov komandanı psixoloji cəhətdən hazırlamağı bacarır. Bu oyuna yaxşı hazırlaşıb, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Neftçi”nin üstünlüyü hamıdan öndə qərarlaşmasıdır. Xal ehtiyatları olduğundan hər matça rahat şəkildə çıxırlar. Belə vəziyyətdə isə komandaya asan olur.

- Amma “Neftçi”nin Lənkərandakı oyunda çempionluğu təmin etmək şansı da var...
- Futbolda hər şey olur. Biz qələbə qazanıb, lənkəranlı azarkeşləri sevindirməliyik. Onlar buna layiqdirlər.

- İndiki vəziyyətdə avrokubok şanslarınızı necə qiymətləndirirsiniz?
- Çempionluq şansımız əldən gedib. Avroliqaya vəsiqə qazanmaq üçün isə hər şey edəcəyik. Qarşıda 4 çempionat oyunumuz var. Bu qarşılaşmaların hamısında qalib gəlməklə, istəyimizə çatarıq.