“Neftçi” meydana çıxmadan da çempion ola bilər” - MÜSAHİBƏ
16.04.2012 - 15:49
“Neftçi” meydana çıxmadan da çempion ola bilər” - MÜSAHİBƏ
“Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Cari ildə ilk dəfə uduzan komandanızın 5 aylıq məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Bunu nə ilə izah etmək olar: arxayınlaşma, yoxsa?
- Arxayınlaşma yox idi. Bunadək 2 oyunda heç-heçə edərək, vacib 4 xal itirmişdik. Bu səbəbdən “Qəbələ” ilə səfər oyununda qələbə qazanmaq istəyirdik. Anlayırdıq ki, qələbə sayəsində Avropanı özümüzə təmin edə bilərdik. “Neftçi”nin də “İnter”lə oynadığını nəzərə alsaq, xal fərqini azalmaq mümkün idi. Ancaq əksi oldu. “Neftçi” qalib gəldi, biz isə uduzduq. Əslində, buna layiq deyildik. Rəqibdən açıq-aşkar üstün oynadıq. Xeyli qol imkanlarımız oldu. Təəssüf ki, bunlardan istifadə edə bilmədik, rəqib isə vurduğu 1 qolla qalib gəldi. Bu, son oyunlarımızda adət halını alıb. Biz qol vəziyyətlərindən istifadə edə bilmirik, rəqib isə bir əks-hücumda qapımıza yol tapır.

- “Qarabağ” həqiqətən də baxımlı futbol nümayiş etdirməklə, xeyli qol imkanları yaradır. Bundan yararlana bilməməyinizin səbəbini nədə görürsünüz?
- Təsəvvür edirsiz, elə imkanları boşa veririk ki... Mən bundan baş aça bilmirəm. “Altılıq” oyunlarında top 5-6 dəfə qapı dirəyindən dönüb. Rəqib qapıçılar ən yaxşı oyunlarını bizə qarşı oynayırlar. Bu, mənim üçün də maraqlıdır. “Qəbələ”nin əsas qapıçısı Pavel Doroşev yoxdur, onu əvəzləyən Qrem Smit necə çətin toplar çıxardı. Bundan əvvəl “İnter”lə 1:1 hesabı ilə nəticələnən matçda 100 faizli qol şanslarımızdan istifadə edə bilməmişdik. Onda Georgi Lomaya ustalığını nümayiş etdirmişdi.

- Belə çıxır ki, “Qarabağ” güclü rəqib imici formalaşdırdığı üçün komandalar sizə qarşı xüsusi motivasiya ilə oynayırlar...
- Hamı bizimlə oyunlarda sonadək vuruşur, xal qazanmaq üçün əlindən gələni edir. Bilmirəm, bizim çoxlu qol imkanlarını boşa verməyimiz ustalıq səviyyəsi, yoxsa nə ilə bağlıdır. Nə bilim... Hər bir işdə xeyir var, Allah bilən məsləhətdir. Bəlkə belə olması daha yaxşıdır. Sadəcə, son matçlarda oyunumuzla bu qədər xal itkisinə layiq deyildik.

- Bir məqamı da nəzərə alaq ki, son illər “Qəbələ” ilə oyunlarınız alınmır. Bu komandanı son 13 oyunda yalnız 1 dəfə məğlub etmisiniz. Belə demək olar ki, “Qəbələ” “Qarabağ” üçün arzuolunmaz rəqibdir?
- Əslində, “Qarabağ” ən yaxşı oyunlarını “Qəbələ”yə qarşı keçirib. Qarşılaşmalar üstünlüyümüz şəraitində keçir, çoxlu qol imkanlarını yaradırıq. Ancaq bundan yararlana bilməməyimiz, qapıçılarının inamlı oyunu öz sözünü deyir.

- Lider “Neftçi”dən 10 xal geridəsiniz. Bundan sonrakı perspektivi necə görürsünüz?
- “Neftçi”nin “İnter”ə qalib gəlməyindən sonra çempionluq söhbəti bitdi. Fikrimcə, lider bu üstünlüyünü əldən verməz. Biz isə ötən mövsüm bürünc medalçı olmuşuq və bu dəfə gümüş mükafat qazansaydıq, daha yaxşı olardı. Buna nail olmağa çalışacağıq. “Qarabağ” eyni zamanda ölkə kubokunda mübarizə aparır. Başa düşürük ki, orada finala çıxsaq, Avroliqaya vəsiqəni böyük ölçüdə təmin etmiş olacağıq.

- Yeri gəlmişkən, növbəti oyununuz elə kubokdadır. Aprelin 18-də “Bakı” ilə ilk görüşü səfərdə keçirəcəksiniz. Bu barədə nə düşünürsünüz?
- Gördüyünüz kimi, “Bakı” son vaxtlar yüksəlişdədir. Son turda evdə “Xəzər Lənkəran”ın qapısından 4 top keçirdi. Bu, elə-belə şey deyil. Bizə kubokun finalına çıxmaq lazım olduğundan, “Bakı” ilə çətin sınaqdan qalib ayrılmağa çalışacağıq.

- “Bakı” ilə növbəti 3 qarşılaşma hər 2 komandanın avrokuboklar perspektivinə böyük ölçüdə aydınlıq gətirəcək. Bu komanda ilə ardıcıl 3 dəfə oynamaq necə olacaq?
- Əlbəttə, bir rəqiblə ardıcıl 3 dəfə oynamaq çətindir. Ancaq dünya futbolunda belə praktika var ki, eyni komandalar ardıcıl görüşürlər. Biz də belə sınaq qarşısındayıq və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Neftçi”nin növbəti turda “Xəzər Lənkəran”la səfər oyununda çempionluğu qazanması mümkündür. Ancaq lider qalib gələ bilməyəcəyi halda, qızıl medalların taleyi növbəti turda “Qarabağ”la qarşılaşmada da həll oluna bilər...
- Məncə, “Neftçi” çempionluğu Lənkəranda qazanacaq. Bildiyimə görə, elə ola bilər ki, lider qalib gələ bilməsə, uduzsa, hətta meydana çıxmadan da çempion ola bilər.

- “Neftçi”nin Lənkəranda qalib gəlmədən çempion olmağı üçün “Qarabağ”ın “Bakı” ilə ev oyununda xal itirməyi lazımdır...
- Hər şey realdır. Çünki futbolda istənilən nəticə qeydə alına bilər. Bir şeyi də nəzərə alaq ki, “Qarabağ” “İnter” çempion ola bilməyəndən sonra əsas diqqətini ölkə kubokuna yönəldərək, finala çıxmağa çalışacaq.

- Uzun illər şərəfini qoruduğunuz “Neftçi” klubunun ardıcıl 2-ci il çempionluğunu necə qarşılayacaqsınız?
- Hazırda “Qarabağ”ın futbolçusuyam və bu komandanın uğurları üçün çalışıram. Əlbəttə ki, “Neftçi” çempion olandan sonra onları təbrik edəcəyik. Rəqibimiz çempionluğa layiqdir. Biz də çempion olmaq istəyirik, buna çalışdıq. Çempionluq növbəti turda rəsmiləşməyə də bilər. Mən demədim ki, bu, mütləq belə olacaq. Ancaq mənə elə gəlir ki, “Neftçi” növbəti oyunda istəyinə çatacaq.

- Çempion ola bilməsəniz də, “Qarabağ”ın mövsümü titulla başa vurmaq şansı var...
- Bəli, bunun üçün ölkə kubokunu qazanmalıyıq. Çempionluğa nail ola bilməyəndən sonra titul qazanmaq şansımız var. Bunun üçün ilk olaraq finala çıxıb, ardından həlledici oyunda qalib gəlməliyik. Çalışacağıq ki, mövsümü titul başa vuraq.

- FİFA-nın qərarı ilə “Xəzər Lənkəran”ın 6 xal itirməyindən sonra çempionatda mübarizə yeni mərhələyə qədəm qoydu. Bunu necə qarşıladınız?
- “Xəzər Lənkəran”dan 6 xalın silinməyi yaxşı olmadı. Çünki komanda, futbolçular bu xalları qazanmaq üçün əmək sərf etmişdilər. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun bir fikri ilə razıyam ki, 6 xalın silinməyi “altılıq”dan əvvəl olsaydı, daha ədalətli olardı. “Xəzər Lənkəran”dan 6 xal silinəndən sonra çempionluqdan fərqli mükafatlar, avrokuboklar uğrunda mübarizə daha gərginləşdi və 5 komanda bunun üçün sona kimi çalışacaq.

Mehman SÜLEYMANOV