“Doroşev və Baraninin qovulmasının səbəbi çoxdur” – MÜSAHİBƏ
17.04.2012 - 10:54
“Doroşev və Baraninin qovulmasının səbəbi çoxdur” – MÜSAHİBƏ
“Qəbələ” klubunun türkiyəli baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi

- Son 2 oyunda adı protokola salınmayan latviyalı qapıçı Pavel Doroşevin komandadan kənarlaşdırılmasına səbəb nədir?
- Onu transferə çıxarmışıq. Bu, baş məşqçinin qərarıdır. Qapıçını dəyişmək istədik və Doroşevin göndərilməyinə qərar verdik.

- Pavel uzun müddətdir “Qəbələ”nin əsas qapıçısı idi. Ondan imtina etməyinizin səbəbi nədir?
- Bunun səbəbləri çoxdur. İndi bu haqda uzun-uzadı danışmağı məqsədəuyğun saymazdım. Pavelin xidmətində daha maraqlı olmadığımızdan, bu qərarı erkən çıxarmağı qərara aldıq. Çünki futbolçuya hələ mövsüm bitməmiş özünə yeni komanda tapmağa imkan yaratdıq. Doroşevlə söhbətləşdim, qərarımı dedim və özünə yeni komanda axtarmalı olduğunu bildi.

- Onun klubla hələ 1 illik müqaviləsi var?
- Bəli. Müqavilə ilə daha 1 il “Qəbələ”yə məxsusdur.

- Bu müddətdə məşqlərinizdə iştirak edəcək?
- Bəli. Bütün futbolçularımız kimi hazırlıqda iştirak edəcək. Ancaq özünə komanda tapa bilsə, istədiyi vaxtda getməyə iznlidir.

- Doroşevlə aranızda problem olub?
- Heç bir problem yoxdur. Münasibətlərimiz qaydasındadır. Önəmli olan bu qərarı qəbul etməyimizdir.

- Doroşevin “Bakı” ilə oyunda son saniyələrində buraxdığı səhvdən sonra 1:2 hesabı ilə uduzdunuz...
- Ümumiyyətlə, futbolçuya 1 oyuna görə qiymət vermək, buraxdığı səhvə görə kənarlaşdırmaq düzgün olmazdı. Mətbuatın 1 matçı qeyd etməyi normaldır. Ancaq biz bütün oyunlarımızı diqqətlə izləyir, bir neçə dəfə baxandan sonra futbolçu haqda fikir yürüdürük. Belə təhlil aparandan sonra Paveli transferə çıxarmağı qərara aldıq.

- Pavelin yerinə hansı qapıçını almağı düşünürsünüz?
- Hələ bu haqda danışmaq tezdir. Çünki mövsümün sonuna hələ 1 ay var. Qarşıdakı 4 oyunumuz var və bütün diqqətimizi çempionatdakı matçlara yönəltmişik. Son 2 oyunda Qrem Smiti oynadırıq. Onu nəzərə almaq lazımdır ki, icarədə oynayan qapıçımız da var. Bu, cari mövsümü “Turan”da keçirən Anar Nəzirovdur.

- Yeri gəlmişkən, son 2 oyunda əsas heyətdə yer verdiyiniz şotlandiyalı qapıçıdan nə dərəcədə razısınız?
- Normal çıxış edir. Onun klubumuzla müqaviləsi cari mövsümün sonunda bitir. Onda Smitin qalıb-qalmayacağına aydınlıq gətirəcəyik.

- Komandanızda uzun müddətdir çıxış edən digər legioner – serbiyalı müdafiəçi Lyubo Baranini də kənarlaşdırmısınız. Bəs bununla bağlı nə deyə bilərsiniz?
- Baranin də bizimlə olmayacaq. Onu da transferə çıxararaq, özünə yeni komanda axtarmağı məsləhət görmüşük. Lyubo ilə bağlı da səbəb çoxdur. Bu, həm oyun, həm də nizam-intizamla bağlıdır.

- O da məşqlərinizdə iştirak edəcək?
- Yox. Baranini hazırlığımızdan kənarlaşdırmışıq. Belə uyğun gördük ki, komandamızdan uzaqda olsun. Onunla klubumuzla müqaviləsi olduğundan, indidən özünə yeni komanda axtarıb, keçidi razılaşdıra bilər.