Pavel Doroşev: Bu, çox gülməli söhbətdir - MÜSAHİBƏ
17.04.2012 - 11:20
Pavel Doroşev: Bu, çox gülməli söhbətdir - MÜSAHİBƏ
“Qəbələ” klubunun transferə çıxardığı latviyalı qapıçı Pavel Doroşevin apasport.az saytına müsahibəsi

- Neçə illərdir çıxış etdiyiniz “Qəbələ” klubunun sizi transferə çıxarmasına münasibətiniz necə oldu?
- Futbol həyatı belədir. İstənilən futbolçunun transferə çıxarılması mümkündür. Ona görə bunda qeyri-adi nə isə yoxdur.

- Qərar sizin üçün gözlənilməz deyildi?
- Bunu gözləmirdim.

- Bəs buna səbəb nədir?
- Bilmirəm. Baş məşqçinin qərarıdır və buna hörmətlə yanaşıram.

- Belə söhbətlər gəzir ki, “Bakı” ilə oyunun sonlarında buraxdığınız həlledici qoldakı səhvə görə transferə çıxarılmısınız...
- Bu, çox gülməli söhbətdir. Bir səhvə görə belə qərar verilməz.

- İndi nə etmək niyyətindəsiniz?
- Hələ heç nə bilmirəm. Azərbaycanın futbol dünyası çox kiçikdir. Bir adam haqda informasiya hamıya yayılır. Məsələ yeni olduğundan hələ necə olacağını düşünməmişəm.

- Özünüzə yeni komanda axtarırsınız?
- Məşqlərimi davam etdirirəm. Komandanın düşərgəsindəyəm. Mövsümün bitməsini gözləyirik.

- Hansısa təklif almısınız?
- Hələ heç bir təklif yoxdur.

- Nə edəcəksiniz: Azərbaycan klublarında qalıb karyeranızı davam etdirmək, yoxsa vətənə qayıtmaq fikrindəsiniz?
- Vətənə qayıtmaq nədir? Mən neçə ildir Azərbaycanda oynamışam. Düşünürəm ki, həmin illər boşuna getməz. Hansısa təklif alaram.

- Klublarımızdan sizə təklif göndərən olubmu?
- Yox. İndi hamı “altılıq” mübarizəsi, avrokuboklara vəsiqə haqda düşünür.

- Sizin oynamadığınız son matçlarda “Qəbələ”nin qapısını Qrem Smit qorudu. Onun oyununu necə dəyərləndirisiniz?
- Qremə böyük hörmətim var. O, yaxşı qapıçıdır. Mənimlə yollarını ayırmaqla “Qəbələ” qapı xətində heç nə itirmədi.