“Xəzər Lənkəran” – “Neftçi” oyununda yubiley
17.04.2012 - 14:58
“Xəzər Lənkəran” – “Neftçi” oyununda yubiley
Aprelin 22-də Lənkəran şəhər mərkəzi stadionu üçün əlamətdar hadisə baş verəcək. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” bu şənbə öz stadionunda yubiley - 100-cü rəsmi matçını keçirəcək.

8 illik tarixində ev oyunlarını digər 7 stadionda da keçirən Lənkəran klubu doğma arenada indiyədək 99 oyuna çıxıb. “Neftçi” ilə görüş isə 100-cü – yubiley matçına təsadüf edir.

2004-cü ildə yaranan “Xəzər Lənkəran” öz stadionunda debütünü 2005-ci ilin martında edib. Həmin vaxt martın 15-də baş hakim Məhəmməd Məmmədovun fiti ilə Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran”ın ilk oyunu start götürüb. Azərbaycan kubokunun ¼ final mərhələsinin MOİK-lə cavab oyunu ilə komandanın doğma stadionunda tarixi də başladı. Həmin oyun isə 87-ci dəqiqədə sabiq bolqar müdafiəçi Martin Stankovun vurduğu qolla cənubluların 1:0 hesablı qələbəsi ilə başa çatdı. Arenada ilk sarı vərəqənin müəllifi isə lənkəranlıların belaruslu sabiq qapıçısı Aleksandr Martyoşkin oldu.

Həmin vaxtdan “Xəzər Lənkəran” şəhər stadionunda Avroliqanın 2, Azərbaycan çempionatının 81 və Azərbaycan kubokunun 16 matçına çıxıb. Bu 99 görüşdə 61 qələbəsi olan komanda 29 heç-heçə edib və 9 dəfə azarkeşlərini məğlubiyyətlə üzüb. Qonaqlar bu stadionda 172 dəfə topu qapısından çıxarmağa məcbur olubsa, lənkəranlılar 53 dəfə məyus edib.

Mənbə: lankaranfc.com