AFFA-nın şübhələndiyi oyunlar
17.04.2012 - 17:06
AFFA-nın şübhələndiyi oyunlar
Bu gün AFFA bəzi oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmış olması haqda məlumatlı olduğunu açıqladı. Apasport.az saytının məlumatına görə, ölkə futboluna cavabdeh olan assosiasiya Premyer Liqada nəticəsi əvvəlcədən müəyyənləşdirilən qarşılaşmaların varlığını təsdiqlədi.

UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev bildirdi ki, Premyer Liqanın bir sıra görüşlərinin nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə assosiasiyaya məlumatlar daxil olub.

Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək isə Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edib. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək.

AFFA artıq bununla bağlı araşdırmalara başlayıb.

Maraqlıdır, görəsən, bu “qara siyahı”ya düşən hansı oyunlardır?

Hər halda, Premyer Liqada nəticəsindən şübhələnməyin mümkünlüyü olan bir çox qarşılaşma var. Lakin onlar arasında elələri də var ki, bu görüşlərin ən azı araşdırılması zəruridir.

Apasport.az saytının ehtimallarına görə, AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin araşdırmaq tapşırığı aldığı siyahıda aşağıdakı 6 oyundan biri də var.

I tur. “Neftçi” – “Qarabağ” – 3:2
XXIII tur. “Turan” – AZAL – 3:0
XXV tur. “Turan” – “Rəvan” – 2:1
XXVII tur. “Neftçi” – “Bakı” – 2:1
XXVII tur. “Turan” – “Kəpəz” – 2:0
XXVIII tur. “Sumqayıt” – “Kəpəz” – 2:0


Xatırladaq ki, 2009-cu il dekabrın 5-də Premyer Liqada keçirilmiş “Turan” – “Neftçi” oyununun nəticəsi şübhəli olsa da, araşdırılmamışdı. Həmin vaxt komandalar fasiləyə yollanarkən apasport.az saytı onlayn şəklində yazmışdı ki, ilk yarıda 2 qol vuran “Turan” ikinci hissədə “Neftçi”nin 3 dəfə fərqlənməsinə şərait yaradacaq. İkinci 45 dəqiqə məhz həmin ssenaridə davam etmişdi. Lakin həmin olayı araşdıran olmamışdı.