Yığmamız “Xəbər”TV-yə düşməyə çalışır
18.04.2012 - 09:27
Yığmamız “Xəbər”TV-yə düşməyə çalışır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının çıxış edəcəyi Qazaxıstan Prezidenti kuboku ilə bağlı məqamlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 28-dən mayın 2-dək keçiriləcək yarışın oyunlarını qəbul edəcək stadionlar və yayımla bağlı məsələlər dəqiqləşib.

Almatıda təşkil olunan yarışın final istisna olmaqla bütün oyunları “Football Land” idman kompleksinin meydanında keçiriləcək. Qarşılaşmalara giriş isə pulsuz olacaq. Həlledici qarşılaşma isə Almatının mərkəzi stadionunda baş tutacaq. Qazaxıstan yığmasının bütün oyunları və həlledici qarşılaşma “Xəbər” TV ilə canlı yayımlanacaq.

Xatırladaq ki, turnirin A qrupunda Qazaxıstan, Macarıstan, Türkmənistan və Ermənistan, B qrupunda Azərbaycan, Türkiyə, İran və Gürcüstan mübarizə aparacaq.

Qeyd edək ki, 2008-ci ildə Türkiyənin “Beşiktaş”, 2009-cu ildə Braziliyanın “Ole Brazil” klublarının qalibi olduğu turnir 2010-cu ildən yığmalar arasında keçirilir. Millilərin mübarizəsində Serbiya, ötən il isə Azərbaycan yığması qalib olub.