Çempionluq kuboku Lənkərana aparılmayacaq
18.04.2012 - 12:00
Çempionluq kuboku Lənkərana aparılmayacaq
“Neftçi” aprelin 22-də Premyer Liqada qızıl medalları təmin etsə belə, həmin gün kluba çempionluq kuboku verilməyəcək. Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib.

Onun sözlərinə görə, PFL neçənci turda təmin etməsindən asılı olmayaraq, çempiona baş mükafatı sonuncu turdan tez verməyəcək: “Başqa ölkələrdə çempionluq kubokunun nə vaxt verilməsi ilə işimiz yoxdur. Bizim nizamnamədə yazılıb ki, kubok çempiona yalnız son turun oyunundan sonra verilməlidir”.

Qeyd edək ki, 28 turdan sonra 60 xala malik “Neftçi” ən yaxın izləyicisi “Qarabağ”ı 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, flaqman növbəti turda qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq, ardıcıl ikinci mövsüm çempionluğu təmin edəcək. Növbəti turda “Neftçi” “Xəzər Lənkəran”ın qonağı olacaq.