7 namizəd - ARAŞDIRMA
18.04.2012 - 15:20
 7 namizəd - ARAŞDIRMA
AFFA-nın baş katibi Elxan Məmmədov milli komandanın may-iyun aylarında yoxlama oyunu keçirəcəyini açıqlayıb. Futbol funksioneri yığmamızın səfərdə çox güclü futbol ölkəsinin komandası ilə qarşılaşacağını, həmçinin, bizim üçün yeni rəqib olduğunu bildirsə də, adını gizli saxlayıb. Apasport.az saytının əməkdaşı Məmmədovun dediklərinə əsasən, yığmamızın potensial rəqibinin kimliyinə aydınlıq gətirməyə çalışıb.

Matçın səfərdə keçiriləcəyinin açıqlanması o deməkdir ki, millimiz böyük ehtimalla, Avropa təmsilçisi ilə qarşılaşacaq. Çünki komandamızın adətən getdiyi Asiyada elə də güclü futbol ölkəsi yoxdur. Uzaq Cənubi Amerikaya səfər isə heç inandırıcı görünmür. Bu isə o deməkdir ki, Berti Foqtsun yetirmələri yığmamız kimi UEFA-ya üzv olan digər 52 ölkədən birinə səfər edəcək.

Məmmədovun açıqladığı digər məqam isə həmin rəqiblə indiyədək qarşılaşmamağımızdır. Tarixi ərzində 184 görüşə çıxan komandamız Asiya və Mərkəzi Amerika təmsilçilərini saymasaq, 43 yığma ilə görüşüb. Yəni, millimizə UEFA üzvü olan 52 ölkədən 43-ü ilə ən azı 1 dəfə qarşılaşmaq nəsib olub. Bu isə o deməkdir ki, Məmmədovun açıqlamadığı ölkə olmağa 8 namizəd qalır.

Təbii ki, 52 ölkədən 43-ü ilə qarşılaşmışıqsa, 9-u ilə oynamamışıq. Lakin onların hamısı potensial rəqibimiz ola bilməz. Çünki heç seçmə mərhələdə UEFA-nın səyləri də kifayət etməmişdi ki, Ermənistanla duel baş tutsun. Bu isə 9 ölkə arasında olan qonşularımızın üstündən xətt çəkib, bizə 8 potensial rəqib saxlayır.

Güclü futbol ölkəsi olmalı olan rəqibimizin kimliyini müəyyənləşdirmək üçün həmin 8 potensial rəqibin FİFA-nın son reytinq siyahısına nəzər salaq.

4. Hollandiya
8. Xorvatiya
9. Danimarka
14. Yunanıstan
18. İrlandiya
28. Sloveniya
48. Şotlandiya
205. San-Marino


Bu cədvələ əsasən San-Marino yığmasının üstündən dərhal xətt çəkmək olar. Yerdə qalan 7 yığmanın isə hamısı planetin ən güclü 50 komandası sırasındadır. Namizədlər arasında sonuncu – 7-ci olan Şotlandiya reytinqdə 110-cu olan millimizdən 62 pillə öndədir. Bu isə o deməkdir ki, bu 7 yığmanın hər biri çox güclü sayılır.

Yığmamızın baş məşqçisi Foqtsun vaxtilə çalışdırdığı şotlandiyalılar kimi İrlandiya və Sloveniyanı da güclü rəqib kimi dəyərləndirmək olar.

Lakin “çox güclü” ifadəsinin Azərbaycanla müqayisədə deyil, dünya reallığına əsasən olduğunu düşünsək, namizədlərin sayı daha da azalar. Bu komandalardan 3-ü planetin “Top-10”da qərarlaşıb. Son dünya çempionatının finalçısı, oyunu ilə milyonların sevimlisi olan Hollandiya potensial rəqiblərimiz arasında ən güclüsüdür. Lakin onların yoldaşlıq oyunu üçün böyük para istəyəcəyi, Avro-2012 öncəsi zəif rəqiblə oynamaqda maraqlı olmaması üzündən bu variantın gerçəkləşməsinə inam azdır.

Hollandiya kimi, Avropa çempionu olmuş Danimarka və Yunanıstanın millimizi sınağa çəkməsi daha inandırıcı görünür. Özü də yunanlar digər 2 ölkədən fərqli, o qədər də uzaq keçmişdə deyil, 2004-cü ildə qitənin ən yaxşısı olub. Həm də ki, Yunanıstan da, Danimarka kimi yoldaşlıq oyunu keçirmək üçün astronomik para istəyəcək səviyyədə “bərkgedən” sayılmır.

İlk “onluq”da olmayan yunanlardan fərqli, Xorvatiya planetin 8-ci komandasıdır. Özü də futbol aləmində bu ölkə ilə sıx əlaqələrimiz var ki, bunun nəticəsində də kifayət qədər xorvat futbolçu Azərbaycana gəlir. Onların gəlməsində vasitəçi olan menecerlərin bu qarşılaşmanın təşkilində də rol oynadığını ehtimal etmək olar.