Elxan Məmmədov: Mən buna virus deyirəm
18.04.2012 - 16:26
Elxan Məmmədov: Mən buna virus deyirəm
“Azərbaycanda danışılmış oyunların olmasına inanmıram. Ancaq gələcəkdə olarsa, bunun qarşısını almalıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Assosiasiyanın şübhəli oyunlarla bağlı araşdırmaya başlaması barədə fikirlərini açıqlayan Məmmədov bildirib ki, bu işlərə cavabdeh olan AFFA-nın hüquqşünası Rəmiş Malıyevin kuratorluq etdiyi sahədə lazımı işlər görülür: “Bildiyiniz kimi, son illərdə FİFA və UEFA tərəfindən danışılmış, şübhəli oyunlarla bağlı müxtəlif araşdırmalar aparılır. Burada bütün ölkələr nəzərə alınır. UEFA-ya daxil olan 53 ölkənin hamısında bütün oyunlar izlənilir. Bununla əlaqədar xüsusi komissiya yaradılıb və yerli federasiyalarla əlaqə saxlanılır. Təbii ki, biz də bunu gözləmədən, UEFA-nın tələb və tövsiyələrinə uyğun nümayəndə seçdik. O, sentyabrdan bu istiqamətdə çalışır və birbaşa AFFA rəhbərliyinə, baş katibliyə məlumat verir. Mütəmadi oyunları izləyirlər”.

Baş katib indidən klubları, futbol ictimaiyyətini məlumatlandırmağı lazım bildiklərini deyib: “Danışılmış oyunla bağlı faktlar, sübutlar olmalıdır. Sözsüz ki, şübhəli oyunlara xüsusi komissiya tərəfindən baxılacaq və bunu futbol ictimaiyyəti, klublarımız hamısı bilməlidir. Yəni, sabah hansısa açıqlama veriləndə sürpriz kimi qarşılanmasın. Ona görə indidən rəsmi açıqlama verdik”.

Məmmədov bildirib ki, konkret hansı oyunların şübhəli olduğunu demək olmur: “Çünki sübut olmalıdır. Şübhəli oyun olarsa, fakt istəyəcəyik. Hal-hazırda bizdə belə bir problem yoxdur. Misal üçün: mətbuatda, futbol ictimaiyyəti arasında danışılmış oyunla bağlı söz-söhbət gəzə bilər. Bunları nəzərə alıb, araşdırma apara bilərik. Bu gün hamı, klublar, klub rəhbərliyi, məşqçilər çox diqqətli olmalıdırlar. Çünki bir insanın qeyri-etik hərəkəti bütün klubu cəzalandıra bilər. Şübhə varsa, qarşısı alınmalıdır”.

Baş katibin sözlərinə görə, artıq danışılmış oyunlar bütün dünyada böyük problemə çevrilib: “Danışılmış oyunlara girişmək, bəzi oyunlarında totalizatorlara pul qoyuluşu etmək – mən buna virus deyirəm. FİFA və UEFA tərəfindən müxtəlif ölkələrdə buna ciddi nəzarət olunur. Müsbət haldır ki, bizdə belə problem yoxdur. Olsaydı, FİFA və UEFA faktları dərhal bizə göndərərdi. Ancaq indidən deyək ki, bu yöndə iş görməyək, düzgün olmaz. Bəli, deyirik ki, bizdə danışılmış oyun faktı yoxdur. Ancaq bu, o demək deyil ki, gələcəkdə olmayacaq. Bu üzdən indidən qarşısını almaq lazımdır”.

Mehman SÜLEYMANOV