Yunis Hüseynov: “Neftçi” klubunu indidən təbrik edirəm - MÜSAHİBƏ
18.04.2012 - 23:01
Yunis Hüseynov: “Neftçi” klubunu indidən təbrik edirəm - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- “Bakı”ya 1:4 hesabıyla uduzduğunuz oyundan sonra komandanı oyuna kökləyə bilmədiyinizi etiraf etmişdiniz. Hazırda vəziyyət necədir?
- 2 gündür Lənkərandayıq və məşqlərimizi həyata keçiririk. Olanları yaddan çıxarmalıyıq. Əvvəlki günlərə nisbətən indi əhval-ruhiyyə yaxşıdır. Rəhbərliklə görüşüm olub və onlar futbolçulara inandıqlarını deyiblər.

- Həftəsonu əzəli rəqibiniz “Neftçi” ilə qarşılaşacaqsınız. Bu komandalar arasında görüş hər zaman gərginliyi ilə yadda qalıb. Üstəlik, komandanızın hesabında cari mövsümdə 0:5 hesablı yenilgi də var. Derbidən nə gözləyirsiniz?
- “Neftçi”ni əvvəlcədən çempion olması münasibəti ilə təbrik edirəm. Mətbuatdan oxuduğum qədəri ilə onlar da qələbə qazanmaq istəyirlər. Ağır oyun olacaq. Həmin günə qədər tam hazır olacağıq. Bizə ancaq qələbə lazımdır. Digər hesab komandanı qane etmir.

- Doğma meydanda “Neftçi”yə yenilgini yerli azarkeşlər həzm etməyəcəklər. Üstəlik, rəqib çempionluğu sizinlə oyundan sonra qeyd etmək niyyətindədir. Bu amil komandanızda təzyiq yaratmayacaq?
- Bütün komandalar qələbə qazanmaq istəyir. Meydana məğlub olmaq üçün çıxmaq istəyən komanda ola bilməz. Qeyd etdiyim kimi, bizə də ancaq qələbə lazımdır. Bunun hansısa təzyiq yaradacağına inanmıram. Fikrimcə, 3 xal rəqibdən daha çox biz lazımdır.

- Çempionluqla vidalaşsanız da, Avropa Liqasına vəsiqə qazana bilərsiniz. Bunu real hesab edirsinizmi?
- Çətin olacaq, amma avrokuboklarda iştirak etmək istəyirik. Asan heç nə əldə edilmir. Gərək, əziyyət çəkəsən. Biz də ən azı bunu reallaşdırmağa çalışacağıq.

- Antonio Semedo artıq mövsümü başa vurub. Onun zədəsi nə ilə bağlıdır?
- Semedo dünən məşq prosesində zədələndi. Onun çiyini sındı. Futbolçu artıq Bakıda cərrahiyyə əməliyyatı olub. O, mövsümün qalan oyunlarını buraxacaq.

- Mövsümün sonu yaxınlaşır. Əksər futbolçularınızın müqaviləsi isə başa çatır. Onlarla danışıqlara başlamısınızmı? Xüsusilə, son günlərdə Kamran Ağayevlə Elnur Allahverdiyevin adı çəkilir...
- Hələ danışıqlara başlamamışıq. Ancaq futbolçuların çoxu qalacaq. Əksəriyyəti ilə müqaviləmiz var. Kamranla Elnura gəldikdə, hər ikisi ilə söhbətim olub. Onların müqaviləsi davam edir və komandada qalacaqlarını deyiblər.

- Klubun vitse-prezidenti Tuyqun Nadirov bəzi futbolçuların komandaya can yandırmadığını qeyd edib. Həmin oyunçuların adlarını qeyd edə bilərsiniz?
- Zəif oynayan futbolçular var. Bu da başa düşüləndir. Eləsi var ki, bir oyun yaxşı oynayır, digərində zəif. Bu, psixoloji hazırlıqla bağlıdır. Ümumiyyətlə, mümkün deyil ki, bir futbolçu bütün oyunlarda yüksək səviyyədə oynasın. Bizdə də belələri var.


- Siz “Karvan”da çalışdığınız vaxt komandaya güclü legionerlər cəlb etmişdiniz. Həmin səviyyədə futbolçuları bu dəfə “Xəzər Lənkəran”da görmək mümkün olacaq?
- İndidən transferlər haqda danışmaq istəmirəm. Fikrimizi hələ çempionat oyunlarına yönəltmişik. Qarşıda bizi 4 çətin matç gözləyir. Bunlar başa çatdıqdan sonra bu məsələ ətrafında danışmaq olar.