“Cennifer Lopesin kaprizləri ilə üzləşmədik”
18.04.2012 - 23:02
“Cennifer Lopesin kaprizləri ilə üzləşmədik”
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Ötən həftə İtaliyanın paytaxtı Romada FİFA tərəfindən Qadın Futbolunun Texniki Konfransı keçirildi. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri kimi orada ölkəmizi təmsil etdiniz. Səfərlə bağlı təəssüratlarınız bizimlə bölüşməyinizi istərdik...
- İlk növbədə, bu konfransın xüsusi önəm kəsb etməsini vurğulamaq lazımdır. Ümumiyyətlə, belə tədbirlər 2 ildən bir keçirilir. Romada təşkil olunmuş builki konfransın böyük hissəsi Azərbaycana aid idi. Ölkəmizdə qadın futbolunu ötən 18 ayda demək olar ki, sıfırdan hazırkı səviyyəyə çatdırdıq. Əlbəttə, görüləsi işlər hələ qarşıdadır. Dünya çempionatı ilə bağlı hesabat verdik, Azərbaycanda son 18 ayda yaradılan yığma, strategiya ilə bağlı məruzə etdik. Təbii ki, qadın futbolunun inkişafı, problemləri haqda da danışdıq. Bu, yalnız Azərbaycan yox, ümumiyyətlə, regionla bağlı idi. Sözsüz ki, Azərbaycanda dünya çempionatının keçirilməsi region üçün geniş imkanlar yaradır.

- Sizin çıxışınızda əsas diqqətçəkən məqamlardan biri dünya şöhrətli müğənni Cennifer Lopesin Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək açılış mərasimində iştirak edəcəyini açıqlamanız oldu. Bunu sürpriz olaraqmı həmin mötəbər tədbirə saxlamışdınız?
- Əslində, bu, gizli saxlanılmamışdı. Biz Lopesin menecerindən rəsmi cavab gözləyirdik. Müsbət cavab isə konfransa 3 gün qalmış gəldi. Düşündük ki, FİFA-nın konfransında bunu elan etmək daha müsbət hal olardı. Çünki bu, beynəlxalq arenadır, orada müxtəlif ölkələrin, FİFA-nın çoxsaylı nümayəndələri iştirak edir. Açıqlandıqdan sonra bu xəbər Azərbaycanda da sürətlə yayıldı. Ancaq hər şey Lopesin açılış mərasimində iştirakından ibarət deyil. Ümumiyyətlə, Yerli Təşkilat Komitəsi tərəfindən çox təntənəli, gözəl açılış mərasimi təşkil olunacaq. Bütün Azərbaycan futbol ictimaiyyətini tədbirə dəvət edirik. Lopesin çıxışından sonra Azərbaycan yığma komandasının iştirakı ilə final mərhələsinin ilk oyunu keçiriləcək.

- Digər ulduz müğənnilər – Şakira, Rihannanın da açılış mərasiminə gələcəyi haqda xəbərlər yayılır. Bunlar nə dərəcədə doğrudur?
- FİFA-nın keçirdiyi dünya çempionatı Azərbaycan və bütün bölgə üçün böyük bir tədbirdir. Qeyd edim ki, bu miqyasda futbol turniri bölgədə ilk dəfə keçiriləcək. Bunu nəzərə alaraq, həmin turnirin yüksək səviyyədə təşkil olunmasına çalışırıq. Bir məqamı da qeyd etmək yerinə düşər ki, FİFA-nın bütün dünya çempionatları üçün eyni standartlar tətbiq olunur. Yəni kişilər arasında dünya çempionatı ilə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatında standartlarla bağlı fərq, demək olar ki, yoxdur. Cüzi fərqləri nəzərə almasaq, bütün tələblər eynidir. Biz çalışırıq ki, dünya çempionatı zamanı futbol yalnız oyun kimi yox, həm də futbol bayramı kimi hiss olunsun. Müxtəlif ölkələrdə keçirilən dünya və Avropa çempionatlarını izləyirik. Görürük ki, ev sahibi olan ölkələr hamının bundan həzz almasına, futbol ətrafında əyləncə olmasına çalışırlar. Təbii ki, biz də bunu etmək istəyirik və inanıram ki, yüksək səviyyədə edəcəyik. Cennifer Lopezdən başqa ulduzlar da Azərbaycana gələcək. Onların adı yaxın vaxtlarda açıqlanacaq.

- Lopes bütün dünyanın diqqət mərkəzində olan ulduzlardan biridir. Onu razı salmaq AFFA üçün çətin olmadı ki?
- FİFA-nın burada dünya çempionatını keçirməsi, ümumiyyətlə, Azərbaycan idmanı üçün böyük imkanlar yaradır. Belə ulduzları ölkəmizə cəlb etmək belə imkanlardan biridir və onları bu ərəfədə gətirmək daha rahatdır. Gəlsinlər, Azərbaycanı tanısınlar, görsünlər ki, nə gözəl, müasir ölkədir və imkanları necə böyükdür. Ona görə də biz fürsətdən, imkanlarımızdan maksimum istifadə etməliyik. Dünya çempionatı bizim üçün ölkə olaraq yeni imkanlar açmalıdır. Bütün ictimaiyyətə, qonşu ölkələrə böyük bir bayram yaşatmaq istəyirik. İnanırıq ki, bu açılışa yalnız Azərbaycan əhalisi deyil, qonşu ölkələrdən də qonaqlar gələcək.

- Ulduzlar adətən kaprizli olurlar. Lopes danışıqlarda bunu göstərmədi ki? Ümumiyyətlə, Azərbaycanda çıxış etmək təklifi alanda, buna reaksiyası necə oldu?
- Sözün düzü, Lopesin kaprizləri ilə qarşılaşmadıq. Yəni onunla çox peşəkar səviyyədə danışıqlar apardıq və bunun nəticəsi olaraq müqaviləni imzaladıq, onu razı sala bildik. Belə deyim ki, Cenniferi Azərbaycana gətirməklə bağlı böyük problemlər yaşanmadı. Biz təklifi edəndən sonra dərhal danışıqlar başladı və demək olar ki, tez razılıq əldə edə bildik.

- Yəni elə böyük xərc tələb olunmadı? Çünki Cennifer kimi dünya ulduzları adətən böyük qonorarlara razılaşırlar...
- Təbii ki, konsert olanda qonorar tələb olunur. Ancaq biz bu məsələlərdə əsas vurğunu dünya çempionatının keçirilməsinə, idmanın təbliğatına yönəltdik. Bu,müzakirələrdə müsbət effekt verdi. Sözsüz ki, xərclər var və dünya çempionatının keçirilməsi danışıqlarda bizim üçün çox müsbət element oldu.

- Razılaşmaya görə, Lopes yalnız açılış mərasimində, yoxsa ölkəmizdə başqa tədbirlərdə də iştirak edəcək?
- Planda yalnız açılışda iştirakıdır və öz mahnılarını ifa edəcək. Hələlik dəqiq proqramı yoxdur. Ona görə də biz bununla bağlı sonradan rəsmi məlumat verəcəyik.

Mehman SÜLEYMANOV