Andrey Rubins: Bu cür çempionatda oynamaq maraqlıdır - MÜSAHİBƏ
18.04.2012 - 23:32
Andrey Rubins: Bu cür çempionatda oynamaq maraqlıdır -  MÜSAHİBƏ
“Simurq”un yarımmüdafiəçisi Andreys Rubins zədə səbəbindən 6 tur idi komandasına kömək edə bilmirdi. Bu səbəbdən qarşılıqlı razılıq əsasında müqaviləsi vaxtından əvvəl ləğv edilən latviyalı futbolçu əməliyyat üçün Almaniyaya yollanmamışdan əvvəl Zaqatala təmsilçisinin rəsmi saytına müsahibə verib. Apasport.az həmin müsahibəni təqdim edir.

- “Simurq”da keçirdiyin mövsümü necə dəyərləndirərdin?
- Mövsümə istədiyim kimi başlaya bilmədim. İki oyundan sonra ayağımda ağrılar hiss etməyə başladım. Buna baxmayaraq, qış fasiləsinə qədər oyunlara ara vermədim. Komandanın Antalyadakı təlim-məşq toplanışında ağrılar daha da artmağa başladı. Adi məşqlərdə bu mənə çox çətinlik yaradırdı. Fasilədən sonra isə gördüm ki, əvvəlkinə baxanda ağrılar daha da artır. Yenidən həkimlərə müraciət etdim və qərara alındı ki, əməliyyat olunmalıyam. Bu səbəbdən də, “Simurq”da keçirdiyim mövsümün heç də yaxşı bitirmədiyimi deyə bilərəm.

- Komandadan hansı təəssüratlarla ayrılırsan?
- Burdan çox yaxşı təəssüratlarla ayrılıram. Biz bir çox oyunlarda autsayder hesab olunmağımıza baxmayaraq, “Xəzər Lənkəran”, “Qəbələ” və bir çox güclü rəqiblərə qarşı əla mübarizə apardıq. Hamı bizdən çəkinirdi. Biz heç bir komandadan qorxmurduq. Hər bir qarşılaşmada sona qədər mübarizə aparırdıq.

- “Simurq”u növbəti oyunlarda və gələcək mövsümdə necə görürsən? Bu haqda nə deyə bilərsən?
- Fikirləşirəm ki, hər şey yaxşıya doğru gedir. Klubun prezidenti Anar Bəkirov həqiqətən də komandanın qalib gəlməsini istəyir. Bunun üçün çox çalışır. O, istəyir ki, komandanın əvvəlki gücünü qaytarsın. “Simurq” yenə Avro kuboklarda mübarizə aparsın. İnanıram ki, bunlar yenidən təkrarlanacaq və mənim də köməyimə ehtiyac duyulacaq (gülür).

- Burada oynadığın müddətdə komanda rəhbərliyi ilə münasibətlərin necə idi?
- Burada özümü çox rahat hiss edirdim. Klub rəhbərliyi ilə münasibətlərim çox yaxşıdır. Oynadığım müddətdə onlarla heç bir problem yaşamamışam. Hər zaman bir – birimizi yaxşı başa düşmüşük və daima mənə qayğı göstərilib. İndi də çox səmimi ayrıldıq. Müalicə və əməliyyat üçün mənə həm maddi, həm də mənəvi dəstək olundu.

- Artıq komanda ilə müqavilən rəsmi şəkildə ləğv edildi. “Simurq”dan getməyinin səbəblərin açıqlaya bilərsənmi?
- Səbəb ayağımdakı zədədir. Əməliyyat olunmaq üçün bu gün Almaniyaya gedirəm. İnanıram ki, hər şey yaxşı keçəcək. Karyeramı davam etdirmək arzusundayam. Komanda rəhbərliyi mənə bildirdi ki, qapımız həmişə sənin üzünə açıqdır. İnanıram ki, bərpa prosesindən sonra yenidən prezidentlə əlaqə saxlayıb sağaldığımı bildirəcəm. Əgər o yenidən məni komandada görmək istəsə və dəvət etsə, çox güman ki, yenidən “Simurq”a qayıdacam.

- Azərbaycan futbolu, çempionatı haqqında nə deyə bilərsən?
- Əla komandalar var. Çempionat çox maraqlı keçir. Əvvəlcədən kimin real olaraq qalib gələcəyini müəyyən etmək çox çətindir. Hər bir komanda istənilən nəticəni göstərə bilər. Bu cür çempionatda oynamaq maraqlıdır. Burada hər bir komanda qalib gəlməyə çalışır. Mən “Simurq”a gələndə qarşımıza məqsəd qoymuşduq ki, ilk “altılıq”da yer tutaq. Lakin hər şey istədiyimiz kimi getmədi. Komanda gec yığıldı. Buna baxmayraq hesab edirəm ki, yaxşı mübarizə apardıq. Sona qədər “altılığ”a düşmək şansımızı saxladıq.

- Georgi Çıxradze baş məşqçi postuna gətirildikdən sonra “Simurq”da hansı dəyişikliklər hiss olunur?
- Onunla “İnter”də birlikdə işləmişəm. Yaxşı mütəxəssisdir. Fikirləşirəm ki, o gəldikdən sonra komanda plan üzrə irəliləyir. Futbolçular meydanda nə etdiyini yaxşı bilir. Əvvəl biz yalnız meydanda təcrübəli futbolçulara güvənirdik, Poşkusun hər bir vəziyyətdə qol vuracağına inanırdıq. İndi isə hamı başa düşür ki, hər kəs meydanda bərabərdir. Bu komanda üçün çox müsbət haldır.